“Pis oynayanda, qızlarım məni tərifləyir”
15.05.2010 - 23:05
“Pis oynayanda, qızlarım məni tərifləyir”
Bu günlərdə 37 yaşını qeyd edən Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
- Elə bir arzum olmayıb. Uşaq vaxtı küçədə futbol oynaya-oynaya gələcəyimizi bu idman növünə bağladım. Futboldan başqa, hansısa peşəyə və ya sənətə həvəsim, marağım olmayıb. Əksinə, “Kəpəz”in üzvü olmaq üçün alışıb-yanırdım. İndi bu istək kimlərəsə adi görünə bilər. Ancaq o vaxt “Kəpəz”ə düşmək çox çətin idi. Həm də sovet dövründə futbolçulara diqqət, qayğı başqa cür idi.

- Bəs məktəbdə necə oxumusunuz?
- Orta səviyyəli şagird olmuşam. Boş vaxtlarımda əlavə kitablar oxuyurdum. Təbii ki, futboldan imkan tapan kimi əvvəlcə dərslərimi hazırlayırdım. Əla olmasa da, pis oxumamışam.

- Diqqətinizi cəlb edən başqa sahə olmayıb?
- Bu haqda heç düşünməmişəm də. Elə bütün arzularım, xəyallarım futbolla bağlı idi.

- Bayaq boş vaxtlarında kitab oxuduğunuzu dediniz. Hansı yazıçının əsərini maraqla oxuyurdunuz?
- Əsasən dərslikləri oxuyurdum. Coğrafiyaya böyük marağım var idi. Səyahət etmək, ölkələrin yerlərini dəqiqləşdirmək diqqətimi cəlb edirdi. Baxdıqca da, nə vaxtsa bu ölkələrə səfər edəcəyimi xəyal edirdim. Çünki digər xalqların da həyat tərzi, mədəniyyəti ilə tanış olmaq istəyirdim. Şükürlər olsun ki, futbolla əlaqədar da olsa, bir neçə ölkədə olmuşam.

- Deyirlər, tez-tez məhəllənizdə olan balaca uşaqlarla futbol oynayırsınız. Doğrudurmu?
- Bu haqda çox eşitmişəm. Bir dəfə “Kəpəz”də oynayanda uşaqlarla oynamağımızı təklif etdilər. Razı olmadım. Əvvəllər dost-tanışla yığışıb oynayırdım. İndi yox.

- Dostunuz çoxdurmu?
- Dostlarım var, amma çox deyil. Ümumiyyətlə, dost çox olmur axı.

- Bu gün adi tanışa da dost deyənlər kifayət qədərdir...
- Birincisi, sədaqətli dost tapmaq çətindir. Həm də dost 1-2 günlə olmur. İnsanları yaxşı tanımalısan. Bunun üçün də zamana ehtiyac var. Zaman deyəndə, 1-2 ay yox, illər lazımdır.

- Sizcə, dost necə olmalı, hansı meyarlara cavab verməlidir?
- Etibarlı olmalı, yalan danışmamalıdır. O, hərəkətləri ilə hansısa məqsəd güdmədiyini sübut etməli, insanlığa qiymət verməlidir. Xarakterdən də çox şey asılıdır.

- Necə düşünürsünüz, siz layiqli dostsunuzmu?
- Vallah, bunu dostlarım deyə bilər. Çalışmışam ki, dostluq etdiyim insanların etibarını doğruldum. İndi insanlar fərqlidirlər. Hansısa məqsəd güdərək, dostluq edənlər də var.

- Sizinlə pula və ya şöhrətə görə dostluq etmək istəyən olubmu?
- (gülür) Mən milyonçu deyiləm ki, pula və ya şöhrətə görə mənimlə dostluq etsinlər.

- Hər halda, qarşıdakının münasibətindən onun niyyətini müəyyənləşdirmək mümkündür.
- Əlbəttə. Amma bir faktı qeyd etmək istəyirəm. Neçə ki futbol oynayırıq, zəng vuran da çox olur, itirib axtaran da. Bu da həqiqətdir ki, futbolla vidalaşdıqdan sonra salam verənlərin sayı da azalır, kef-əhvalını xəbər alanların da. Ona görə də insan indidən öz dostunu seçməlidir.

- Kənardan qaraqabaq insan təsiri bağışlayırsınız. Bu sizə ünsiyyət qurmaqda mane olurmu?
- Hər bir insanın özünəməxsus təbiəti, xarakteri var. Mən də sakit təbiətli insanam.

Ola bilsin, hardasa bu mənə mane olsun. Ancaq düşdüyüm mühitə tez adaptasiya olmağa çalışıram. Buna nail olmasan, sonra insanın özünə problem yaranır.

- Heç aqressiv davrandığınız vaxt olubmu?
- Dalaşmaqla aram yoxdur. Yola verməyə çalışmışam. Təbii ki, qarşıdakı bu cür addım atmağa vadar edəndə, cavabını verməyə məcbur olursan.

- Əvvəllər rayonlarda keçirilən oyunlarda tez-tez insident baş verirdi. Belə hadisələr zamanı necə, döyüldüyün vaxt olubmu?
- Bir dəfə Cəlilabadda belə bir halla üzləşmişdim. Səhv etmirəmsə, 1992-ci il idi. “Ümid”lə qarşılaşırdıq. Oyundan sonra bütün azarkeşlər meydana axışdı. Ona məni də vurdular. Həqiqətən də dəhşətli mənzərə idi.

- Ömrünüzdə xəyanətlə üzləşmisinizmi?
- Bu, həyatdır. Həyat özü imtahandır və sürprizlərlə doludur. Həm də bir adam hamıya yaxşı ola bilməz. Hər kəsin həyata fərqli baxışı var. Bəlkə də üzləşmişəm, amma fikir verməmişəm.

- Deyirlər, çox pul almaq futbolçuları özündən razı edib. Onlar heç kimi saymır. Bununla razısınızmı?
- Razıyam. Ad çəkmək istəmirəm. Futbol ictimaiyyəti kimin kim olduğunu yaxşı bilir.

- Sizcə, bizim futbolçular niyə savadsız olurlar?
- Bilirsiz ki, bizim futbolçuların böyük əksəriyyəti kasıb ailədə anadan olublar. Onlar da gələcəklərini futbolla qururlar. Yəni, təhsil ikinci plana keçir, bütün diqqətlərini futbola yönəldirlər ki, irəli getsinlər. Həm də indiki futbolçularımızın əksəriyyətinin dünya görüşü azdır.

- Neçə yaşında ailə qurmusunuz?
- 25 yaşında.

- Özünüz sevib evlənmisiniz, yoxsa evdən məsləhət biliblər?
- Təbii ki, bu məsələdə bütün qərarları özüm vermişəm. Evdən də qarşı çıxan olmayıb.

- Neçə övladınız var?
- 2 qızım var. Məktəbdə oxuyurlar. Çalışırlar ki, yaxşı oxusunlar. Çünki bilik, savad insan üçün hər zaman lazımlı və vacibdir.

- Evinizdə futbolla bağlı söhbətlər olurmu?
- Elə şey ola bilər ki, futbolçu ailəsində futboldan danışılmasın? Mənim ən böyük azarkeşlərim övladlarımdır. Oyunlarımı televiziya vasitəsi ilə izləyirlər. Qol vuranda sevinclərinin həddi-hüdudu olmur.

- Stadiona aparmısınız?
- Xeyr.

- Zəif oynayanda sizə iradlarını bildirirlər?
- Əksinə, həmişə tərifləyirlər. Hansı uşaq atasını pisləyər ki?

- Yeni ailə qurduqdan sonra qaynana-gəlin münasibətləri bir qədər problemli olur. Bu halla üzləşmisinizmi?
- Ailə quran zaman özümün Gəncədə ayrıca evim var idi. Orada yaşamışıq. Bu günədək valideynlərimdən ayrı yaşayırıq.

- Əsəbi olanda, daha çox kimi acılayırsınız?
- Çalışıram, özüm-özümü sakitləşdirim. Heç kimin xətrinə dəymək istəmirəm.

- Ailəyə kifayət qədər vaxt ayırırsınızmı?
- Bizim vaxtımızın çox hissəsi məşqlərdə, oyunlarda keçir. Təbii ki, imkan olduqca ailənin də qayğıları ilə maraqlanırıq. Məşq olmayan vaxt uşaqları məktəbə özüm aparıb, gətirirəm.

- Filmləri izləyirsinizmi?
- Azərbaycan kinolarına daha çox baxıram. Fikrimcə sovet dövründə çəkilən filmlərimizin əksəriyyəti maraqlıdır. Daha çox “Yol əhvalatı”, “Bəyin oğurlanması” filmlərinə həvəslə baxıram. Son vaxtlar çəkilən filmlərdən “Toy”, “Məhəllə” və s. xoşuma gəlir.