“32”lər: Samurayların Afrika yürüşü
21.05.2010 - 23:01
“32”lər: Samurayların Afrika yürüşü
Dünya çempionatının final mərhələsinin startına 20 gün qalıb. Apasport.az saytı ənənəsinə sadiq qalaraq, daha bir iştirakçını oxucularına təqdim edir. Bu E qrupunun autsayderlərindən sayılan Yaponiya milli komandasıdır.

Dosye
Federasiya: Nippon Sakka Kyokai (Yaponiya Futbol Federasiyası)
Federasiya prezidenti: Motoaki İnukai
Yaranma tarixi: 1921
1929-cu ildən FİFA, 1954-cü ildən AFC-nın üzvüdür.
Ləqəbi: göy samuraylar
Rənğləri: göy və ağ
Baş məşqçi: Takesi Okada
Tarixinin ilk oyunu: Çin 0:15 (1917)
Yığmada ən çox oyun keçirənlər: Masami İhara (122), Yosikatsu Kavaquti (117), Ödzi Nakazava (96)
Yığmada ən çox qol vuranlar: Kinusiqe Kamamato (55), Kazuyuki Miura (55), Takuya Takagi (28)
Məşhur oyunçuları: Masami İhara, Yosikatsu Kavaquti, Yudzi Nakazava, Sunsuke Nakamura, Kazuyuki Miura, Yasihuto Endo, Alessandro Santos, Hidetosi Nakata, Öniti İnamoto, Tetsidzi Hasiratani, Tsuneyasu Miyamoto, Seyqo Narazaki, Xirosi Nanami, Akira Kadzi, Hiroaki Morisima, Satosi Tsunami, Kunisiqe Kamamoto, Sindzi Oni, Takaöki Suzuki, Naohiro Takahara, Sindzi Okazaki

Nailiyyətləri
12 il əvvələ kimi mundial üzü görməyən gündoğar ölkə futbolçuları ardıcıl 4-cü dəfədir planetin ən nüfuzlu yarışına qatılır. Bu turnirlərdə heç nə ilə seçilməyən samuraylar 1992, 2000 və 2004-cü illərdə Asiya çempionu adına sahib olub.

DÇ yolunda
Yaponiyalı futbolçular seçmə mərhələyə 3-cü raunddan başlamışdı. Onlar burada Tailand (4:1, 3:0), Bəhreyn (0:1, 1:0), Oman (3:0, 1:1) milliləri ilə mübarizə aparıb qrup qalibi kimi həlledici mərhələyə vəsiqə qazandı. Yenə bəhreynlilərlə (3:2, 1:0) oynamalı olan samuraylar Özbəkistan (1:1, 1:0), Qətər (3:0, 1:1), Avstraliya (0:0, 1:2) ilə münasibətlərini ayırd etməli idi. Qrup qalibi adını məhz yaşıl qitə təmsilçisinə uduzan Okadanın yetirmələri CAR-a birbaşa vəsiqəni ikinci yerlə qazandı.

Yaponlar da legionerə güvənir
Yaponiya klublarının əksəriyyətinin hələ də köhnəlmiş 3 müdafiəçili sistemə sadiq qalması yığmanı da çətin vəziyyətdə qoymuşdu. Heç bir mütəxəssis tərəqqiyə nail olan digər ölkələr kimi 4 arxa xətt oyunçusu ilə oynamağa cürət etmirdi. Hər halda, futbolçuların klublarında buna öyrəşməməyi məşqçiləri ehtiyatlı davranmağa vadar edirdi. Lakin Okada milliyə qayıtdığı gündən bu zəruri addımı atdı. Müdafiənin dirəyi olan mərkəz oyunçularını 12 qarşılaşmada əvəzolunmadan oynadan Okada cütlüyü dəyişmək fikrindən uzaq idi. Bu iki oyunçudan hər hansı oynamalı deyildisə, hər iki müdafiəçi qarşılaşmanı buraxır, ehtiyat qüvvə sınanırdı. Mütəxəssisin güvəndiyi cütlüyü isə komandanın kapitanı Yudzi Nakazava və milliləşən braziliyalı Markus Tulio Tanake təşkil edir. Onlar, həmçinin əvəzolunmaz hesab edilən qapıçı Seyqo Narazaki yığmanın özəyi sayılırlar. Cinah müdafiəçilərini hələ müəyyənləşdirə bilməyən mütəxəssis orta səviyyəli futbolçular arasında seçim etməlidir.

Yarımmüdafiəçilərindən ikisi müdafiəyə, ikisi hücuma meylli olan samuraylar ehtiyac olduqda taktikanı dəyişə bilir. Axı dayaq yarımmüdafiəçiləri Yunitsi İnamoto və Yasuhito Endo cütlüyünün hər biri komandaya qol lazım olan anda hücumların təşkilindəki fəallığını artıra bilir. Yaradıcı orta sahə oyunçularının sayı isə yetərincədir: Sunsuke Nakamura, Daysuke Mautsi, Makoto Hasebe, Keysuke Xonda.

Hücumlarını braziliyalılar tərzdə təşkil edən yaponlar qısa ötürmələr, topla asta, sakit rəftar, meydanın mərkəzində uzun müddət nəzarəti sevir. Ön xətdə Keydzi Tamadaya güvənən, lakin onun bombardirlik keyfiyyətlərindən tam razı qalmayan Okada Takayuki Morimoto, Sindzi Okazaki, Sota Hirayama kimi hücumçulara da güvənir. Bütün bu oyunçuların ustalıq səviyyəsinə baxmayaraq, Yaponiya millisinin taleyi böyük ölçüdə Nakamuradan asılıdır. Standart vəziyyətlərin ifası, ötürmə vermək bacarığı və komandadakı nüfuzu qarşılaşmalar zamanı da həlledici olur.

Oyunlarının təqvimi
14.06.2010 Kamerun
19.06.2010 Hollandiya
24.06.2010 Danimarka

Mundial iştirakçısı və biz
Azərbaycan və Yaponiya komandalarının yolları indiyədək heç vaxt kəsişməyib. Elə iki ölkə arasında futbolçu və məşqçi keçidləri də gerçəkləşməyib. Gündoğar ölkə yalnız “Bakı” azarkeşlərində müəyyən hisslər oyada bilər. Çünki komandanı ikinci, hələlik sonuncu çempionluğa daşıyan Qyoko Hacıyevski Yaponiyada da uğur qazanıb. Azərbaycan çempionu adını qazanan makedoniyalı baş məşqçi 2000-ci ildə rəhbərlik etdiyi “Cubilo İvata” ilə Yaponiya superkubokunun sahibi olub.

Apasport.az-ın proqnozu: mübarizəni qrup mərhələsində dayandıracaq.

Vüqar XEYRULLAYEV