“Yığmadan imtina etməyim barədə yayılan xəbərlər uydurmadır”
24.05.2010 - 10:23
“Yığmadan imtina etməyim barədə yayılan xəbərlər uydurmadır”
“Milli komandamın növbəti iki yoldaşlıq görüşünə yollanmaqdan imtina etməyim barədə yayılan xəbərlər uydurmadır. Həqiqətən də belə şey yoxdur. Mən Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri yığmaları ilə oyunlarda iştirak etmək istəyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Moldova yığmasının futbolçusu Aleksey Savinov deyib.

Son iki ildə “Bakı” klubunda oynayan təcrübəli müdafiəçi yığmasının aparıcı üzvü sayılır. Milli komandasının baş məşqçisi Qabi Balint moldovalı həmkarlarımıza bildirib ki, yolunu gözlədiyi Savinov yığmaya gəlməkdən imtina edib. Ancaq Savinov Moldova mətbuatında yer alan informasiyanı təəccüblə qarşılayıb: “Ola bilər ki, səhv, hansısa anlaşılmazlıq olub. Mən necə yığmadan imtina edə bilərəm ki, indi ora gedirəm. Hazırda İstanbuldayam və Kişinyova gedən hava reysini gözləyirəm. Ora yollanıb, milli komandamla birgə Avstriyaya gedəcəyəm. Yığmamızın meneceri ilə əlaqə saxlayıb, nə vaxt gələcəyimi demişəm. Avstriyada keçiriləcək yoldaşlıq görüşlərindən imtina etmək fikrim də olmayıb”.

“Bakı”da çıxış etdiyi hər iki mövsümdə titul qazanan Savinov əvvəl çempionluq, daha sonra ölkə kubokunu qazanıb. Klubu ilə yeni, üç illik müqavilə bağladığına görə şad olan Aleksey uğurlarının davamının gəlməsini istəyir: “Əlbəttə, milli komandama yalnız müsbət təəssüratlarla yollanıram. Çempionluqdan sonra Azərbaycan kubokunu qazanmaq mənim üçün çox sevincli oldu. Növbəti tituluma sahib çıxandan yığmaya yüksək əhval-ruhiyyədə gedirəm. Fikrimcə, “Xəzər-Lənkəran”la final oyununda vurduğumuz ilk qol uğurumuza kölgə salmamalıdır. Bundan sonra daha gözəl vurduq. Hər halda, biz həmin gün qələbəyə öz oyunumuzla, qol imkanlarımızın çoxluğu ilə daha layiq idik. “Xəzər-Lənkəran”la həm “altılıq”la oyunlarda, həm də kubokun final görüşündə qalib gəldik. Nəticədə onu çempionatda qabaqlayaraq, gümüş medal qazandıq. Bütün bunlar bizim daha layiq olduğumuzun göstəricisidir. Belə uğurdan sonra Azərbaycan yığması ilə yoldaşlıq görüşündə da yalnız qələbəyə çıxacağıq”.

Mehman SÜLEYMANOV