“Krılya Sovetov” rəsmisi: Biz Vaqif Cavadovu unutmamışıq
12.08.2010 - 14:02
“Krılya Sovetov” rəsmisi: Biz Vaqif Cavadovu unutmamışıq
“Bizim klub həqiqətən də Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadova maraq göstərir. Komandamızın hücumçuya ehtiyacı var. Bu mənada gənc hücumçunuz “Krılya Sovetov”a faydalı ola bilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Rusiyanın “Krılya Sovetov” klubunun mətbuat katibi Maksim Syestnov deyib.

Syestnov Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun Samara təmsilçisinə keçidinin mümkünlüyünü vurğulayıb. Klub rəhbərliyinin başının çox qarışıq olduğunu vurğulayan Syestnov məsələyə belə izah verib: “Sadəcə, indi fikrimizdə yalnız qarşıdakı turun oyunu var. Bu səbəbdən də Cavadovla bağlı qərar “Tom”la matçdan sonraya qalacaq. Artıq sabah səfərə çıxırıq. Ona görə də Tomska uçuşa hazırlaşırıq. Yalnız bu matça köklənmişik. Baş məşqçimiz Aleksandr Tarxanov və rəhbərlik də səfərlə bağlı çox məşğuldurlar”.

Mətbuat katibi bildirib ki, Cavadovun məxsus olduğu Hollandiyanın “Tvente” klubu ilə danışıqlar hələ başlamayıb: “Hələlik Vaqiflə danışıqlara da başlamışıq. Bildiyim qədər hələ ki, söhbət onun məxsus olduğu “Tvente” klubu ilə danışıqlar səviyyəsində deyil. Vaqifin öz agenti ilə danışıqlar aparılır”.

Klub rəsmisi həmyerlimizin “Tvente”dən icarəyə götürüləcəyinin və ya transfer olunacağının ciddi əhəmiyyət kəsb etməyini düşünür: “Lakin Vaqiflə bağlı məsələdə də yubanmaq fikrimiz yoxdur. Rusiyada transfer pəncərəsi nisbətən tez – avqustun 28-də başa çatır. Həmin vaxtadək işimizi həll etməliyik. Özü də mümkün qədər tez. Yəqin ki, “Tom”la qarşılaşmadan sonra hər şeyə aydınlıq gələr. O ki, qaldı onu icarəyə götürməyimiz və ya birdəfəlik transfer etməyimizə, bu, sadəcə bir detaldır”.

Syestnovun sözlərinə görə “Krılya Sovetov” nümayəndələri Azərbaycan və Küveyt milli komandaları arasında keçirilən yoldaşlıq görüşünü də izləyərək, bir daha Vaqifin oyununa baxıblar: “Bizim klubda xüsusi idman bölməsi var ki, onların işi mümkün transferləri izləməkdir. Dünən Azərbaycan yığmasının Küveytlə yoldaşlıq oyununu da izləyiblər. Onlar bunun üçün Bakıya yollanıb, stadionda olmağa ehtiyac duymayıblar. Elə televiziya ilə baxıblar. Matç boyu meydanda olan Cavadovdan da razı qalıblar. Əslində, bu matç olmasa da, Cavadovu Rusiyaya qarşı görüşlərdən yaxşı xatırlayırıq. Daha doğrusu unutmamışıq”.

Vüqar XEYRULLAYEV