“Beşiktaş”ın supertransferi reallaşmadı
13.08.2010 - 09:59
“Beşiktaş”ın supertransferi reallaşmadı
Rikardo Kuarejma və Quti kimi futbolçuları heyətinə qatan "Beşiktaş" daha bir supertransfer həyata keçirməyi planlaşdırırdı. Apasport.az saytının xəbərinə görə, bu futbolçunun "Mançester Siti"nin toqolu ulduzu Emanuel Adebayor olacağı gözlənilirdi. "Beşiktaş" prezidenti Yıldırım Dəmirörən transfer danışıqlarına başlamaq üçün London şəhərinə yola düşmüşdü. Klub rəhbəri toqolu futbolçunu İstanbula gətirmək üçün əlindən gələni əsirgəməyəcəyinə dair azarkeşlərə söz də vermişdi.

Amma ötən mövsüm "Arsenal"ı "Mançester Siti"yə dəyişib, 2014-cü ilədək müqavilə bağlayan Adebayor Türkiyədə oynamaq istəmədiyini bildirib. Toqolu futbolçunu heyətinə qata bilməyəcəyini anlayan "Beşiktaş" elə həmin "Mançester Siti"nin braziliyalı forvardı Robinyonun agenti ilə danışıqlara başlayıb. "Mançester Siti"nin 2008-ci ildə Madrid "Real"ından 42,5 milyon avroya satın aldığı braziliyalı hücumçu indi vətənində "Santos"da icarədədi və İngiltərəyə də qayıtmaq istəmir.

"Beşiktaş"ın futbol komitəsinin rəhbəri Sərdar Adalı və menecer Çengiz Zülfüqaroğlunun "Mançester Siti" ilə apardığı danışıqlar hələlik bir nəticə verməyib. Çünki Robinyonun menecerləri bildiriblər ki, futbolçu İstanbula gedə bilər. Amma bu variant baş tutarsa, braziliyalı forvardın oynayacağı klub "Beşiktaş" yox, "Fənərbaxça" olacaq. Braziliyalı hücumçunun transfer dəyərinin 25 milyon avro olduğu bildirilir.