“Xəzər Lənkəran” heç vaxt uduzmadığı komandaya qarşı
13.08.2010 - 10:15
“Xəzər Lənkəran” heç vaxt uduzmadığı komandaya qarşı
Unibank Premyer Liqasının II turu çərçivəsində üz-üzə gələcək Zaqatalanın “Simurq” klubu “Xəzər Lənkəran”la ölkə çempionatlarında 9-cu dəfə münasibətlərini ayırd edəcəklər. Apasport.az saytının məlumatına görə, lənkəranlılar indiyədək 8 matçın heç birində uduzmayıb. “Simurq”la matçların aşkar favoriti olan “Xəzər Lənkəran” bu 8 qarşılaşmada 5 qələbə qazanıb və yalnız 3 dəfə 1 xalla kifayətlənib.

Cənublular son oyunlarla bağlı da uğurlu seriyaya malikdir. Belə ki, komandalar arasında keçirilən son 3 oyunun yalnız bir qalibi olub – “Xəzər Lənkəran”. 2008-ci ildən sonra “Simurq”u xala da həsrət qoyan lənkəranlılar indiyə qədərki bütün oyunlarda zaqatalalıların qapısına qol vurub.

2006/07 mövsümü

21.08.2006. “Simurq” – “Xəzər Lənkəran” - 0:1
21.02.2007. “Xəzər Lənkəran” - “Simurq” - 1:1
2007/08 mövsümü
02.12.2007. “Xəzər Lənkəran” - “Simurq” - 2:1
28.05.2008. “Simurq” – “Xəzər Lənkəran” - 1:1
2008/09 mövsümü
29.11.2008. “Simurq” – “Xəzər Lənkəran” - 2:2
16.05.2009. “Xəzər Lənkəran” - “Simurq” - 3:1
2009/10 mövsümü
24.10.2009. “Xəzər Lənkəran” - “Simurq” - 3:0
09.02.2010. “Simurq” – “Xəzər Lənkəran” - 1:2

“Simurq” – “Xəzər Lənkəran” görüşlərində meydan amili də az əhəmiyyət kəsb etmir. Evdə 3, səfərdə 2 qələbə qazanan cənublular rəqibi ilə oyunların balansına görə böyük fərqlə öndədir. “Simurq”un meydanında 4 oyunda 2 qələbə və 2 heç-heçəyə sevinən qonaqlar top fərqində də öndədir – 6:4. Lənkəranda isə komandalar arasındakı fərq daha böyükdür. Burada meydan sahibləri 3 qələbə qazanıb və yalnız 1 dəfə heç-heçə ilə kifayətləniblər. Top fərqində isə onlar qonaqları 3 qat üstələyir – 9:3. Ümumilikdə, 8 matçda 5 qələbə qazanan “Xəzər Lənkəran” 3 dəfə 1 xal aldığı rəqibinin qapısına 15 qol vurub əvəzində 7-ni buraxıb.

Qeyd edək ki, “Simurq” – “Xəzər Lənkəran” oyunu avqustun 15-də keçiriləcək.

Mənbə: lankaranfc.com