Baş məşqçi: Bu, Azərbaycanın yox, Avropa çempionatının oyunudur
13.08.2010 - 23:22
Baş məşqçi: Bu, Azərbaycanın yox, Avropa çempionatının oyunudur
Bu gün kişi basketbolçular arasında Avropa çempionatının B divizionunda seçmə qrup oyunları çərçivəsində 3-cü turun görüşləri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Belarus, Rumıniya, Albaniya və İsveç millisi ilə birlikdə B qrupunda yer alan yığmamız isə özünün ikinci matçına çıxacaq.

Baş məşqçi Elxan Əliyevin rəhbərlik etdiyi və ilk oyunda Albaniyanı səfərdə məğlubiyyətə uğradan komandamız "Sərhədçi" Olimpiya İdman Kompleksində qrupun favoritlərindən sayılan Belarus yığmasını qəbul edəcək.

Yığmamızın bu oyuna nə dərəcədə hazır olduğunu və eləcə də rəqib haqqında öyrənmək məqsədi ilə baş məşqçi Elxan Əliyevlə söhbətləşdik: "Bəri başdan deyə bilərəm ki, rəqib həqiqətən də çox güclüdü. Mən bu komandanı yaxşı tanıyıram. Çünki Belarus yığmasının Gürcüstan turnirində yerli komanda və Rumıniya yığması ilə keçirdiyi oyunları izləmişəm. Onların isveçlilər və albanlarla keçirdikləri oyunların lent yazılarına da oyunçularla birlikdə baxmışıq. Yəqin ki, Belarusun keçirdiyi son oyunun videoyazısına bir də baxacağıq. Belarus ilə birinci və sonuncu dəfə 2001-ci ildə görüşmüşük. Onda da onlar bizi 76 xal fərqi ilə udublar. Elə ovaxtdan bilirəm ki, bu komanda güclüdü. Ancaq onu da deyim ki, indi heç biz də zəif deyilik. Çünki yığmamızın heyətində amerikalı Çarlz Devis, Helson Spenser, Türkiyədə yaşayan öz azərbaycanlımız Rasim Başak kimi oyunçular var. Rasim 4 dəfə Türkiyə çempionu olub, bu ölkənin millisində Avropa çempionatında çıxış edib. Onun bizim yığmada oynaması üçün Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibovla onun türkiyəli həmkarı Turqay Dəmirəl arasında bir neçə dəfə danışıqları oldu. Axır ki, Başakın bizim yığmaya kömək etməsinə razılıq verdilər".

Məşqçi ötən həftəsonu albanlara qarşı oyunda xidmətindən yararlandığı 6 oyunçu sırasına bu dəfə daha iki nəfəri - Amil Həmzəyevlə Anar Sarıyev də qatacağını bildirdi: "Ötən həftə Albaniya yığmasına qarşı keçirdiyimiz oyunda meydana buraxdığım oyunçular - Çarlz Devis, Tahir Baxşiyev, Fuad Niftəliyev, Rasim Başak, Zaur Paşayev və Aleksandr Rındindən ibarət "altılığ"a Amil Həmzəyevlə Anar Sarıyevi də qatacam. Amildən fərqli, əslində Anarı yığmaya götürməməliydik. Birincisi ona görə ki, Anar artıq 30-35 gündü ki, məşqlərdə iştirak etməyib. İkincisi, Anar maliyyə imkanlarımız az olduğu üçün nümayişkarcasına basketbolu atıb başqa iş dalınca getdi. İndi isə komandanın gücləndiyini görüb yenidən geri qayıdıb. Təbii ki, mən Anardan nə start heyətdə, nə də ki, oyunun çox hissəsində istifadə etməyəcəm. Məqam düşəndə hər hissədə 2-3 dəqiqə meydana buraxacam. Anarı onu görə götürdüm ki, ehtiyat oyunçular skamyasında oturanların bəziləri gənc və təcrübəsizdi. Oyunda elə məqamlar olur ki, həmin anda onlarla müqayisədə Anardan istifadə etmək daha yaxşıdı. Anardan fərqli olaraq, Amil yığmanın düşərgəsini hərbi xidmətə getdiyi üçün tərk etmək məcburiyyətində qaldı. Amil Türkiyəyə gedənə qədər bizimlə birgə məşq edib. O, evdə keçirəcəyimz oyunlarda bizə kömək edəcək. Ancaq əsgər olduğu üçün bizimlə səfər matçına çıxa bilməyəcək".
Baş məşqçi həmişə yaxşı formada olmadığından gileylənən Aleksandr Rındinlə də bağlı fikrini açıqladı: "Düzdü, Rındin hazırda mənim istədiyim və ondan gözlədiyim oyunu oynamır. Ancaq pis də deyil. Mən deyərdim ki, səfərdə Albaniya yığmasına qalib gəlməyimizdə onun böyük rolu oldu. Bildiyiniz kimi, Saşa meydana start heyətdə çıxmamışdı. Hə qədər ki, o meydanda deyildi, təşəbbüs də rəqib komanda tərəfindəydi. Rındinin meydana çıxması hər şeyi dəyişdi. Onun oyun qatılması ilə təşəbbüs də bizim tərəfə keçdi. Bir sözlə, o, Tiranda yaxşı oyun nümayiş etdirdi. Rındinin indi əsas problemi çəkisinin ağır olmasıdı. Bir oyun oynayan kimi yorulur və əvəzlənməsini istəyir. Məşqlərə başlayandan bəri çəkisini salıb. Ancaq hesab edirəm ki, o bir az da yüngülləşməlidi".

Əliyev Spenserin xidmətindən yararlanıb-yararlanmayacağı barədə sualı belə cavabladı: "Amerikalıların hər ikisi yaxşı oyunçudur. Ancaq bir iş var ki, Helsonun oynadığı mövqedə Rındın və Başak oynayır. Təbii ki, bu iki oyunçu ilə müqayisədə Helson zəifdi. Əgər Rındinlə Başak olmasaydı, onda mütləq həmin mövqedə Helsonun xidmətindən yararlanacaqdım. Hələlik ona çox da ehtiyac duyulmur. Məşq prosesində o özünü heç də adını çəkdiyim cütlükdən pis göstərmir".

Sonda isə ABF-nin prezidenti Nadir Nəsibovun basketbolçulara diqqət və qayğı göstərdiyini, onlarla tez-tez görüşüb onların problemləri ilə maraqlandığını, hətta yığmanın oyunçularına bir neçə dəfə süfrə qonaqlığı da verdiyini vurğulayan baş məşqçi sonda azarkeşlərə üzünü tutaraq, onları zala gəlib komandaya dəstək verməyə çağırdı: "Ölkə çempionatının oyunlarına çox az tamaşaçı gəlirdi. Ancaq çox istərdim ki, bu oyuna çoxlu azarkeş gəlsin və 6-cı oyunçu kimi bizə dəstək versin. Axı bu oyun ölkə çempionatının deyil, Avropa çempionatının oyunudu".