AZAL-dan ikinci qələbə, “Turan”dan ikinci məğlubiyyət
14.08.2010 - 20:52
AZAL-dan ikinci qələbə, “Turan”dan ikinci məğlubiyyət
Bu gün Unibank Premyer Liqasında II turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk turdan fərqli, bu dəfə yalnız 5 matç baş tutacaq. Belə ki, avrokuboklarda çıxışını davam etdirən “Qarabağ”ın “Gəncə” ilə görüşü təxirə salınıb.

Turun bu gün baş tutacaq yeganə qarşılaşmasında AZAL “Turan”ı sınağa çəkəcək. Mövsümə “Bakı” üzərində gözlənilməz qələbə ilə başlayan Nazim Süleymanovun yetirmələri ardıcıl ikinci qələbəni bayram etməyə çalışacaq. “Təyyarəçilər” bunu bacararsa, ən azı bir günlük hamıdan yüksəkdə olacaq. Tovuzlular isə ilk tura sifariş edə bilmədikləri legionerlərin keçidini həll etdikdən sonra “İnter”lə oyundakı böyük hesablı məğlubiyyətin təsadüf olduğunu sübut etmək əzmindədirlər.

Turun digər 4 matçı isə sabah keçiriləcək. “Qəbələ” – “Neftçi” qarşılaşması həftənin mərkəzi oyunu sayılır. Bu qarşılaşma meydan sahiblərinin ingilis çalışdırıcısı Toni Adamsın yerli mütəxəssislərlə ilk dueli olacaq. Mövsümdə ilk ev oyununa çıxacaq britaniyalının komandası kimi Arif Əsədovun yetirmələri də bir müddət əvvəl yoldaşlıq oyununda qarşılaşdıqları əyalət təmsilçisindən ə xal almaq niyyətindədirlər.

II turun iki görüşü əcnəbi çalışdırıcıların qarşıdurması olacaq. Salyanda Almaniya və sabiq Yuqoslaviya futbol məktəblərinin yetirmələri üz-üzə gələcəklər. Belə ki, çempionata eyni hesablı məğlubiyyətlərlə başlayan “Muğan”la “Bakı”ya müvafiq olaraq bosniyalı Almir Hurtiç və alman Vinfred Şafer rəhbərlik edir. İndiyədək paytaxtın eyni adlı təmsilçisi ilə görüşlərdə qol vurmayan “Muğan” Azərbaycanda ilk əyalət səfərinə çıxan almaniyalının əhvalını korlamağa çalışacaq.

Zaqataladakı oyunda daha bir sabiq yuqoslaviyalı, Makedoniyanı təmsil edən Qyoko Hacıyevski iş başında olacaq. Vaxtilə Azərbaycan çempionu titulunu da qazanmış mütəxəssisin rəhbərlik etdiyi “Simurq” doğma meydanda ilk matçına çıxacaq. Makedoniyalı ilk səfər matçına yollanan yenilənmiş “Xəzər Lənkəran”ı büdrətməyə çalışacaq. Qonaqları rumıniyalı Mirça Rednik çalışdırdığından bu matç da əcnəbi baş məşqçilərin dueli kimi tarixə düşəcək.

“İnter” və MOİK arasında paytaxt derbisi ilə tura yekun vurulacaq. Kaxaber Sxadadzenin yetirmələri gələn həftəyə təsadüf edəcək çətin Lənkəran səfəri ərəfəsində ikinci qələbəni qazanmaq iddiasındadır. “Hərbçilər”lə oyunun favoriti olan son ölkə çempionu son 5 matçda məğlub etdiyi rəqibindən 3 xal almaqla ikinci əyalət səfərinə lider kimi yollana bilər.

Unibank Premyer Liqası
II tur
14 avqust (şənbə)


20:00. AZAL - "TURAN" - 1:0
QOL: Draqan Mandiç, 70
Hakimlər: Əfqan Həmzəyev, Habil Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
Bakı. "Şəfa" stadionu

15 avqust (bazar)

18:00. "QƏBƏLƏ" - "NEFTÇİ"
Hakimlər: Anar Salmanov, Orxan Məmmədov, Mehman Mahmudov, Ceyhun Haşımov
Qəbələ. Şəhər stadionu

18:00. "MUĞAN" - "BAKI"
Hakimlər: Elnur Muradov, Elman Musayev, Eldar Nağıbəyov, Fariz Yusifov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu

18:00. "SİMURQ" - "XƏZƏR LƏNKƏRAN"
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov
Zaqatala. Şəhər stadionu

20:00. "İNTER" - MOİK
Hakimlər: Rauf Cabbarov, Aydın Ələkbərov, Elşən Acalov, Vüsal Əliyev
Bakı. "Şəfa" stadionu