Sadıq Sadıqov təkzib edir: Mən belə göstəriş verməmişəm
14.08.2010 - 12:25
Sadıq Sadıqov təkzib edir: Mən belə göstəriş verməmişəm
“Futbolçulara oruc tutmaqla bağlı qadağa qoyulması barədə saytınızdakı yazını oxuyanda çox təəccübləndim. Çünki mən belə bir göstəriş verməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

Klub rəhbəri futbolçu Elmar Baxşıyevin “Neftçi”də oruc tutmağa qoyulan qadağa haqda söylədiyi fikirlərə münasibət bildirib. Sadıqov rəhbərlik etdiyi klubda kiminsə oruc tutmasına qadağa qoyulmadığını açıqlayıb: “Mən özüm Allaha inanan adamam, ailəmizdə 3 nəfər oruc tutur. Bunu futbolçulara necə qadağa edə bilərəm? Mən bu xəbərdən sonra klubun vitse-prezidenti ilə əlaqə saxladım. Fikirləşdim ki, yəqin “Qəbələ” ilə oyuna hazırlaşan komandada kimsə belə qərar verib. Bunu kimin etdiyini soruşdum. Vitse-prezident belə qadağanın qoyulmadığını bildirdi və məsələni araşdıracağını söz verdi”.

Sadıqovun sözlərin görə, yanlış xəbərin yayılmasında günahkar Baxşıyevdir. Çünki futbolçu fikirlərini düzgün çatdırmayıb: “Araşdırmalardan sonra məlum oldu ki, Elmar öz fikrini düzgün tərzdə çatdıra bilməyib. O, “Qəbələ” ilə oyuna ciddi hazırlaşırıq, baş məşqçimiz Arif Əsədov hər gün neçə oyunçumuzun oruc tutması ilə maraqlanır” demək istəyib. Lakin oruc tutmağa qadağa qoyulmayıb”.

Qeyd edək ki, Baxşıyev saytımıza verdiyi açıqlamasında oruc tutmasına klubdan icazə verilmədiyini bildirmişdi.