Hafiz Məmmədov “Bakı”nın işçilərini istefaya göndərdi
16.08.2010 - 12:56
Hafiz Məmmədov “Bakı”nın işçilərini istefaya göndərdi
“Bakı” klubunun İdarə Heyətinin geniş iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda bütün İdarə Heyəti və texniki işçilərin istefası klub prezidenti Hafiz Məmmədov tərəfindən qəbul edilib.

Yaxın günlərdə prezident klubun müasir tələblərə cavab verən yeni idarəetmə strukturu yaradacağını bildirib.

Qeyd edək ki, “Bakı” Azərbaycan kubokunun son qalibi kimi Avroliqanın II təsnifat mərhələsində Çernoqoriya təmsilçisi “Budiçnost”u qəbul etmiş və 2:1 hesabı ilə qalib gəlmişdi. Matç qurtardıqdan sonra UEFA Nizam-İntizam Komitəsi tərəfindən cəzalı futbolçu Joel Epalle meydana çıxdığından paytaxt komandasına 0:3 hesablı texniki məğlubiyyət vermişdi. Cavab oyununda da “Bakı” “Buduçnost”a 2:1 hesabla qalib gəlsə də, növbəti mərhələyə “Buduçnost” çıxmış və “Bakı” Avrokubok yarışlarından kənarda qalmışdı. Bütün bu baş verənlər “Bakı” Futbol klubunun İdarə Heyətinin, texniki işçilərinin və futbolçuların transferi ilə məşğul olan şəxslərin səhlənkarlığı nəticəsində olmuşdu. İşdə yol vermiş kobud səhvdən sonra klubun idarə heyəti və texniki işçiləri tam heyətlə istefa vermişdi.