Blatter futbol qaydalarını dəyişir
16.08.2010 - 17:38
Blatter futbol qaydalarını dəyişir
“Qrup oyunlarında heç-heçə və əlavə vaxtın aradan götürülməsini fikirləşirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın prezidenti Yozef Blatter deyib.

Növbəti dünya çempionatlarında mümkün yeniliklər barədə danışan ali futbol qurumunun rəhbəri bildirib ki, “Qızıl top”un yenidən gündəmə gəlməsi də mümkündür: “90 dəqiqə ərzində oyun sülhlə başa çatarsa, ola bilsin birbaşa penaltilərə keçirilsin. Amma hazırda “Qızıl top” prinsipi də tətbiq edilə bilər. Fikrimcə, ilk qolun qalibi təyin etməsi, heç də pis deyil”.

Futbol oyununda əsas məqsədin qol vurmaq olduğunu deyən Blatter bu məsələlərlə bağlı texniki komitələrə müraciət edəcək. Növbəti mötəbər yarışlara kimi, hakimlərə əlavə köməkçi və ya qapılara kamera qoyulması variantından birinin də seçilməsi gözlənilir. Bu məsələ də hazırda FİFA-da müzakirə obyektidir.

“Topun qapı xəttini keçib-keçmədiyini təyin etmək üçün bir neçə testlərdən istifadə etmişik. Ola bilsin ki, hokkeydə olduğu kimi qapıların dirəklərinə kamera yerləşdirək. Bununla yanaşı, əlavə hakim təyin etmək üçün də danışıqlar gedir. Yəqin ki, tezliklə bütün bunlar müsbət həllini tapacaq” – deyə Blatter bildirib.

Qeyd edək ki, Cənubi Afrika Respublikasında keçirilən son dünya çempionatında kobud səhvlər qeydə alındığından, FİFA bunu aradan qaldırmağa çalışır.