Hollandiya mətbuatı: O, uğursuz transfer idi
16.08.2010 - 23:50
Hollandiya mətbuatı: O, uğursuz transfer idi
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Hollandiya mətbuatının gündəmindədir. Apasport.az saytının məlumatına görə, “zanbaqlar ölkəsi”ndən olan həmkarlarımız müqavilə ilə Hollandiyanın “Tvenyte” klubuna məxsus olan 21 yaşlı hücumçunun özünə yeni klub tapmasını müzakirəyə çıxarıblar. Onların fikrincə, hələ sabiq baş məşqçi Stiv Maklarenlə çalışdığı 6 ay ərzində heç nə ilə yadda qalmayan Vaqif Enshede təmsilçisinə lazım deyil: İlk gündən aydın oldu ki, Cavadov uğursuz transferdir. Onunla 3 il yarımlıq müqavilə bağlandı. Lakin azərbaycanlı yarım ildə heç bir təəssürat oyatmadı.

Həmkarlarımız artıq “Bakı” ilə ilkin razılığa gələn futbolçumuza özünü Rusiyada sınamağı məsləhət görürlər. Özü də həmkarlarımız “Saturn” klubuna keçəcəyini gözləyirlər.

Qeyd edək ki, Cavadovun adı digər Rusiya klubları “Terek”, “Krılya Sovetov”, “Rubin”, həmçinin Azərbaycan təmsilçisi “Qarabağ”la yanaşı çəkilsə də hücumçu “Bakı”ya üstünlük verib.