Hollandiya mətbuatı: Stiv Maklaren də Cavadovun səviyyəsindən narazı idi
17.08.2010 - 09:56
Hollandiya mətbuatı: Stiv Maklaren də Cavadovun səviyyəsindən narazı idi
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov müqavilə ilə məxsus olduğu Hollandiyanın “Tvente” klubunda ümidləri doğrulda bilməyib. Apasport.az saytının məlumatına görə, bu qənaətə “zanbaqlar ölkəsi”ndən olan həmkarlarımız gəlib.

21 yaşlı hücumçunun Enshede təmsilçisindən ayrılmaq üzrə olmasını şərh edən Hollandiya mətbuatı bunun gözlənilən olduğunu düşünür: “Vaqif klubun sabiq baş məşqçi Stiv Maklarenin dövründə transfer olunmuşdu. Lakin ingilis mütəxəssisin özü də hücumçunun səviyyəsindən narazı idi. Çünki legioner ona bəslənən ümidləri doğrultmurdu. Yeni baş məşqçi Mişel Pryudama isə ehtiyat oyunçular skamyasında əyləşən futbolçu lazım deyil. Buna görə də 2013-cü ilin yayına kimi anlaşması olan Cavadov özünə komanda axtarır”.

Qeyd edək ki, bu ilin yanvarında Ağdamın “Qarabağ” klubundan “Tvente”yə transfer olunan Vaqif əsas komandada debüt edə bilməyib.