Fransa çempionatında oynayan hücumçu “Gəncə”yə keçdi
17.08.2010 - 11:52
Fransa çempionatında oynayan hücumçu “Gəncə”yə keçdi
“Transfer çalışmasını davam etdiririk. Dünən daha bir legionerlə müqavilə imzaladıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.

Mövsümün açılış oyununda “Simurq”la qarşılaşan və heç-heçəyə nail olan əyalət təmsilçisi II tur çərçivəsində “Qarabağ”la oyunu təxirə salındığından istirahət edib. Fuad İsmayılovun yetirmələri həftəsonu AZAL-la qarşılaşacaq. “Təyyarəçilər”lə oyunda qələbə qazanmaq istəyən əyalət təmsilçisi Fransa çempionatında çıxış etmiş hücumçunu heyətinə qatıb. Klub prezidentinin sözlərinə görə, futbolçu ilə artıq 1 il müddətini əhatə edən müqaviləyə imza atılıb: “Armanda kamerunludur, ampluası hücumçudur. Artıq müqavilə imzalanıb”.

Əliyev daha bir oyunçunun keçidinin baş tutacağını istisna etməyib. Belə ki, adını dəqiqləşdirə bilmədiyimiz futbolçu bir neçə gündür “Gəncə”nin məşqlərində iştirak edir: “Həm futbolçu ilə, həm də klubu ilə danışıqlar davam edir. Rusiyada oynayıb. Maddi məsələlərdə ortaq məxrəcə gəlməliyik. O, müdafiəçidir və hazırda komandanın məşqlərində iştirak edir”.