2 min manatlıq təhqir
17.08.2010 - 12:04
2 min manatlıq təhqir
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri Unibank Premyer Liqasının II turu, həmçinin əvəzedicilərin çempionatının oyunlarında baş verənləri müzakirə ediblər. Əsas komandaların yarışında yalnız iki komanda, turu səfərdə keçirən “Turan” və “Bakı” cəzalanıblar.

AZAL – “Turan” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat cərimə olunub. “Muğan” – “Bakı” matçının 90+3-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Emin Cəfərquliyev özü 2 oyunluq cəzalanıb, paytaxt təmsilçisini 2000 manat ziyana salıb.

Unibank Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin birinciliyində isə hakimi təhqir edən Amid Hüseynov həm “Xəzər Lənkəran”a 2 min manat ziyan verib, həm də özü 4 oyunluq cərimələnib. “Muğan”, “İnter”, “Neftçi” 4, “Qarabağ” isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hərəyə 500 manat ödəməli olacaqlar.

“Qarabağ” – “Gəncə” oyununda qırmızı vərəqə alan 3 futbolçu da cəzasız qalmayıb. Meydan sahiblərinin üzvü Kamil Xanıyevlə qonaqların oyunçusu Kamran Babayev topsuz rəqibə ayaqla zərbə) birbaşa qırmızı vərəqə aldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanıb, klubların hər biri isə 2 min manat ziyana düşüb. “Qarabağ”ın daha bir üzvü Elvin Xudadatovun cəzası yüngül olub. İkinci sarı vərəqə alaraq meydandan qovulan futbolçu 1 oyunluq cəza alıb və klubunu 100 manat cəriməyə məruz qoyub.

Mənbə: pfl.az