“Çempionluq uğrunda mübarizə aparırıqsa, belə də olmalıdır” - MÜSAHİBƏ
17.08.2010 - 14:14
“Çempionluq uğrunda mübarizə aparırıqsa, belə də olmalıdır” - MÜSAHİBƏ
Azərbaycan yığmasının və “Xəzər-Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi

- Ölkə çempionatının II turunda “Simurq”la səfər oyunu necə keçdi?
- Görüşün çətin keçəcəyini bilirdik. Çünki həmişə bu komandalar arasında baş tutan qarşılaşmalar gərginliyi ilə yadda qalıb. “Simurq” evdə yaxşı təsir bağışlayır. Havanın çox isti olması da işimizi bir qədər çətinləşdirdi. Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Ancaq biz şanslardan daha dəqiq istifadə edib, qələbə qazandıq.

- Zaqatala təmsilçisinin gənclərdən qurulması “Xəzər-Lənkəran”da arxayınçılıq yaratmışdı ki?
- Arxayınçılıq yox idi. Rəqibin gənclərdən qurulması zəif olması anlamına gəlməməlidir. Futbol kollektiv oyundur. Kim sona qədər mübarizə aparsa və şanslardan düzgün istifadə etsə, qələbəni də bayram edir. Maraqlı görüş oldu. Həm də gənclər özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar.

- Növbəti turda komandanız daha çətin matça çıxacaq. Son çempion “İnter”lə dueldə şanslarınızı necə dəyərləndirirsiniz?
- Evdə oynamağımız bizim üçün üstünlük sayıla bilər. Rəqib haqqında nəsə deməyə ehtiyac yoxdur. “İnter”in gücü ortadadır. Ciddi hazırlaşacağıq. Təbii ki, meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Çempionluq uğrunda mübarizə aparırıqsa, belə də olmalıdır.

- Necə fikirləşirsiniz, azarkeşlər stadionu dolduracaq?
- Buna inanıram. Belə vacib oyunda bizi tək buraxmazlar. Elə evdə oynamağın üstünlüyü də bundadır. “Xəzər-Lənkəran” öz azarkeşləri ilə tanınır və fəxr edir.

- Mövsümə yeni baş məşqçinin rəhbərliyi altında başladınız. Mirça Rednik komandada nəyi dəyişdirib?
- Dəyişiklik deyəndə ki, onun təyinatından haradasa 20 gün keçib. Hələ heç bir ayı tamam deyil. Döyüşkən, mübariz komanda qurub.

- Oyun zamanı əsas tələbi nə olur?
- Topu qəbul etdikdən dərhal sonra ötürmə verib, sürətli hücumlar qurmağı tələb edir. Həm də rəqibə kimliyindən asılı olmayaraq, ciddi yanaşmağı tələb edir.

- Məşqləri necə yorucudurmu?
- Xeyr, yorucu deyil. Normal qiymətləndirmək olar.

- Rednik baş məşqçi təyin edildikdən sonra 5 futbolçu transfer edib. Necə düşünürsünüz, onlar komandaya faydalı ola biləcəkmi?
- İnşallah. Bunu zaman göstərəcək. Güvənib, seçiblər. Yəqin tanıyırlar və inanıb komandaya dəvət ediblər. Onlar da bunun qarşılığını verməlidirlər. Hər halda, məşqçilər korpusunda təcrübəli insanlar yer alıb.

- Məşqçi kimi Mirça Redniklə Ağasəlim Mircavadovu müqayisə edə bilərsinizmi?
- Ağasəlim müəllim Azərbaycanın ən güclü məşqçilərindən biridir. Bunu onun qazandığı titullar da sübut edir. Rednik də təcrübəli məşqçidir. Rumıniyanın “Rapid”, “Dinamo” kimi tanınmış klublarını çalışdırıb və çempionluq sevinci yaşadıb. Təbii ki, hər bir məşqçinin öz taktiki gedişləri, futbola yanaşma tərzi var. Kimi baxımlı, kimi də sürətli futbol oynamağı tələb edir. Bir sözlə, hər ikisi təcrübəli və işini bilən məşqçidir.

- Son vaxtlar tez-tez fərqli mövqelərdə çıxış edirsiniz. Bu sizə çətinlik yaratmır?
- Müdafiənin sağ, sol cinahlarında, eləcə də dayaq yarımmüdafiəçisi kimi çıxış edirəm. Müəyyən qədər təcrübəm var, çalışıram baş məşqçinin etimadını doğruldum. Həm də əsas olan istəkdir. Bu olsa, baş məşqçi futbolçunu hara qoysa, orda da oynayacaq.