“Ondan sanki “çirkin oyunlar” üçün istifadə edirlər”
17.08.2010 - 15:14
“Ondan sanki “çirkin oyunlar” üçün istifadə edirlər”
“Bir komandaya qarşı nə qədər qərəzli mövqe nümayiş etdirmək olar? Sanki Əfqan Həmzəyev “Turan”a pislik etmək üçün yaranıb. Ondan sanki “çirkin oyunlar”ı yerinə yetirmək üçün istifadə edirlər. Sözlərimi komandamıza qarşı keçirdiyi oyunlar da təsdiq edir”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun vitse-prezidenti Rasim Əliyev deyib.

Unibank Premyer Liqasının II turunun AZAL-a qarşı oyununda yaşananları hakim haqsızlığı kimi dəyərləndirən klub rəsmisi görüşün baş hakimi Əfqan Həmzəyevin daim “Turan”a qarşı belə mövqe tutduğunu iddia edir. O bildirib ki, Həmzəyev ötən mövsüm “Simurq”la oyunda cərimə zərbəsini əksinə göstərməklə, “Turan”ın qapısına qol vurdurub: “Statistikaya nəzər salsaq, Həmzəyevin “Turan”ın idarə etdiyi qarşılaşmaların 6-dan 3-də oyunun protokoluna qeydlər etmişik. Mən “Turan”ın Əfqanın idarə etdiyi oyunlarını “Turan” – Əfqan Həmzəyev dueli adlandırardım və bu duelin texniki nəticəsi belədir: 2 dəfə komandamız, 4 dəfə hakim qalib gəlib. Top fərqində də referi öndə olub – 7:8”.

Əliyevin dediklərinə münasibət öyrənmək istədiyimiz Həmzəyev isə ittihamlara cavab verməkdən boyun qaçırdı: “Nə AZAL – “Turan” oyunu barədə, nə də Əliyevin dedikləri haqda danışa bilərəm. Biz hakimlərə müsahibə verməyə icazə yoxdur. Rasim Əliyev gülməli sözlər danışır. Bağışlayın. Amma bu haqda danışmağa ixtiyarım yoxdur”.

Qeyd edək ki, AZAL “Turan”ı 1:0 hesabı ilə məğlub edib.