Fransa yığmasının futbolçularına cəzalar yağdırıldı
17.08.2010 - 23:01
Fransa yığmasının futbolçularına cəzalar yağdırıldı
Fransa Futbol Federasiyası (FFF) milli komandanın hücumçusu Nikolya Anelkanı 18 oyunluq diskvalifikasiya edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Anelka 2010-cu il dünya çempionatına baş verən qalmaqalda iştirakı ilə əlaqədar cəzalandırılıb.

Həmin vaxt Meksika ilə görüşün fasiləsində o, Fransa millisinin baş məşqçisi Raymon Domeneki kobud formada təhqir etdiyi üçün yığmadan kənarlaşdırılıb. Fransa – Meksika matçı iyunun 17-də olub, Anelka – Domenek münaqişəsi haqda isə iyunun 19-da “LEquip” qəzetində yazılıb. Futbolçu baş məşqçi qarşısında üzr istəməkdən imtina etdiyi üçün komandadan qovulub. Əvəzində iyunun 20-də Fransa yığmasının qalan futbolçuları məşqi boykot ediblər.

Avqustun 17-də Fransa Futbol Federasiyası həmin qalmaqalla əlaqədar kapitan Patris Evra, Jeremi Tulalan və Erik Abidalı dindirib. Nikolya Anelka və Frank Riberi də dindirmələrə çağırılsalar da, gəlməyiblər. Riberini çıxış etdiyi Almaniyanın “Bavariya” klubu buraxmayıb. Anelkanın gəlməməsinin səbəbi isə məlum deyil. Yekunda Anelka 18, Evra 5, Riberi 3, Tulalan 1 oyunluq cəzalandırılıb. Abidal isə diskvalifikasiyadan kənarda qalıb.

Dünya çempionatından sonra Fransa millisi Norveçlə yoldaşlıq görüşü keçirib. Yeni baş məşqçi Loran Blan mundialda iştirak etmiş futbolçuların heç birinə həmin oyunda şans verməyib. FFF-in futbolçulara tətbiq etdiyi cəzaların Norveçlə qarşılaşmaya da şamil olunub-olunmadığı məlum deyil.