Maksim Medvedev: Dortmunda gələndən ancaq məşq edib, yatırıq
18.08.2010 - 11:42
Maksim Medvedev: Dortmunda gələndən ancaq məşq edib, yatırıq
“İki gündür Dortmund şəhərindəyik. Məşqlərimizi ciddi şəkildə davam etdiririk”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.

Sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Borussiya” ilə qarşılaşacaq “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönmək niyyətindədir. Bu gün matçın keçiriləcəyi “Vestfalenştadion” arenada ilk məşqinə çıxacaq Ağdam təmsilçisinin planlarını güclü yağış pozub: “Hələ şəhərə çıxmamışıq. Gələndən ancaq məşq edib, yatırıq. Dünən güclü yağış yağdı. Ona görə də oteldə hazırlaşdıq. “Borussiya” rəhbərliyi bizi yaxşı qarşıladı. Heyətdə Əfran İsmayılov istisna olmaqla, heç bir itki yoxdur. Şükürlər olsun ki, uşaqların sağlamlığı yerindədir”.

Meydana ancaq sərfəli nəticə qazanmaq üçün çıxacaqlarını deyən müdafiəçi cütün taleyini Bakıda həll etmək istədiklərini bildirib: “Təbii ki, meydana məğlub olmaq üçün çıxmayacağıq. Rəqib nə qədər güclü olsa da, biz də özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. İnşallah, Bakıya sərfəli nəticə ilə dönərik”.