“Çempionatın təqvimini quranlar futbolçuları da düşünməlidir” - FOTO
18.08.2010 - 15:15
“Çempionatın təqvimini quranlar futbolçuları da düşünməlidir” - FOTO
“Əminəm ki, ölkə çempionatının təqvimini tərtib edənlər futbolçuların da mənafeyini nəzərə ala bilərdilər. Axı söhbət onların sağlamlığı və oyun keyfiyyətindən gedir. Çünki bunların hər ikisi futbolda önəmli rol oynayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

50 yaşlı mütəxəssis Bundesliqanın təqviminin bərbad gündə olmasından narazıdır. O, gələn il iyunun 7-də Bakıda keçiriləcək seçmə oyunu ərəfəsində futbolçularının yaxşı vəziyyətdə olmayacağından qorxur: “Fikir verin, Bundesliqa başa çatandan bir həftə sonra Almaniya kubokunun final oyunu keçiriləcək. Daha bir həftədən sonra Çempionlar Liqasının həlledici görüşü baş tutacaq. Bundan sonra isə yığmamız Avstriya və Azərbaycanla oyunlara çıxır. Əgər millimizin üzvü finalların heç birində oynamırsa, 3 həftəlik fasilədən sonra meydana qayıtmalı olur. Oyunçu bu boşluğu necə aradan qaldırmalıdır? Oyun keçirmədən fərdi məşq etsin? Təqvim qurarkən, belə məsələlərə diqqət yetirmək lazımdır”.

Qeyd edək ki, yığmamızın Almaniya ilə ilk oyunu gələn ayın 7-də Kölndə keçiriləcək. Bakıdakı oyun isə 9 ay sonra baş tutacaq.