“Borussiya” 7 ildir qələbəyə həsrətdir!
19.08.2010 - 13:02
“Borussiya” 7 ildir qələbəyə həsrətdir!
Avropa Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq Almaniya təmsilçisi “Borussiya” bu gün avrokuboklarda 166-cı oyununa çıxacaq. Apasport.az saytının xəbərinə görə, indiyədək 165 matçda gücünü sınayan dortmundlular 82 qələbə qazanıb, 32 oyunda heç-heçə edib, 51 görüşdə isə uduzub.

“Sarı-qaralar” bu qarşılaşmalarda 251 dəfə rəqib qapısına yol tapıblarsa, özləri də 183 qol buraxıblar. Onlar daha çox İtaliya klubları ilə üz-üzə gəlib – 27 dəfə.

Maraqlıdır ki, “Borussiya” avrokuboklarda sonuncu ev qələbəsini 2003-cü ilin oktyabrın 15-də əldə edib. Lars Rikenin qolu sayəsində dortmundlular “Austriya”nı məğlub ediblər. Həmin vaxtdan bəri evdə 4 qitə miqyaslı oyun keçirən “sarı-qaralar” bu görüşlərdən ikisində heç-heçə edib, digər ikisində isə yenilib. İndi “Qarabağ” rəqibin bu antirekordunu növbəti mövsümə qədər uzatmalıdır.

Qeyd edək ki, Vyana təmsilçisi “Borussiya”nın avrokuboklarda mübarizədən kənarlaşdırdığı sonuncu komandadır.