Yurgen Klopp iddialıdır: “Qarabağ”ı “Bayer”dən daha yaxşı tanıyırıq
19.08.2010 - 13:28
Yurgen Klopp iddialıdır: “Qarabağ”ı “Bayer”dən daha yaxşı tanıyırıq
“Qarabağ”la oyun haqda proqnoz verməyə tələsməməyi məsləhət görürəm. Təbii ki, Azərbaycan komandası kənardan zəif görünür. Lakin konsentrasiyanı itirməyib, düşünməməliyik ki, bizi asan gəzinti gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun baş məşqçisi Yurgen Klopp deyib.

Oyun qabağı təşkil olunan mətbuat konfransında təcrübəli mütəxəssis təmsilçimiz haqda dolğun informasiyaya malik olduğunu bildirib: “Biz onlar haqqında o qədər ətraflı məlumat toplamışıq ki, indi “Qarabağ”ı Bundesliqadakı ilk rəqibimiz “Bayer”dən də yaxşı tanıyırıq. Onların əsas üstünlüyü hücum futboluna meyl göstərmələri və əks-hücumlarda oynamaq bacarıqlarıdır. Onlarda yaxşı futbol oynamağı bacaran sürətli oyunçular var”.

Klopp iki il əvvəl uğursuzluğa düçar olub İtaliya təmsilçisi “Udineze”yə uduzmaqlarını hələ də unutmayıb: “İlk oyunda məqsədimiz aydındır: qol buraxmadan qalib gəlmək. Bunun üçün ilk dəqiqələrdən topa nəzarət etməli və rəqibə öz oyununu oynamağa imkan verməməliyik. Elə buna görə də meydanda diktə edən tərəf olmalı və “Qarabağ”ın “tələ”sinə düşməməliyik. “Udineze ilə iki il əvvəlki oyunlarda yaşananlar bir də təkrarlanmayacaq”.

Almaniyalı mütəxəssis “Qarabağ”la oyunların taleyini elə bu günkü qarşılaşmada həll etmək istəyini də açıqlayıb: “Vəzifəmizin öhdəsindən elə evdə keçirəcəyimiz ilk oyunda gəlmək istəyirik. Dortmundda lazım olan nəticəni qazansaq, cavab matçına rahat hazırlaşa bilərik. Lakin bu o demək deyil ki, Bakıdakı qarşılaşma ərəfəsində arxayınlaşacağıq”.