Baş məşqçiyə 1 aylıq cəza
19.08.2010 - 23:05
Baş məşqçiyə 1 aylıq cəza
Portuqaliya yığmasının baş məşqçisi Karluş Keyruş bir ay müddətinə diskvalifikasiya olunub. Apasport.az saytının xəbərinə görə, ölkənin Futbol Federasiyası (FPF) onu Portuqaliya Antidopinq Komitəsinin rəhbəri Luiş Orta və bu təşkilatın həkimlərini təhqir etdiyi üçün cəzalandırıb.

İnsident DÇ-2010 ərəfəsində baş verib. Komitənin mütəxəssisləri yığmanın bir neçə futbolçusundan dopinq nümunələri götürmək üçün komandanın təlim-məşq bazasına daxil olanda Keyruş onları söyüb.

Beləliklə, Keyruş Portuqaliya yığmasına EURO-2012-nin seçmə mərhələsinin ilk turlarda rəhbərlik etməyəcək. Sentyabrın 3-də portuqaliyalılar Kipr, 7-də isə Norveç millisi ilə qarşılaşacaqlar. Həmin oyunlarda yığmanın baş məşqçisi səlahiyyətlərini Keyruşun yardımçılarından biri icra edəcək. Mütəxəssis isə işinə oktyabrda, Portuqaliya yığmasının Danimarka və İslandiya ilə qarşılaşacağı dönəmdə qayıdacaq.