“Bakıdakı oyunda “Qarabağ” erkən qol vurmağa çalışacaq”
20.08.2010 - 09:24
“Bakıdakı oyunda “Qarabağ” erkən qol vurmağa çalışacaq”
“4:0 hesabı ilə qələbə qazanmaqla, Avroroliqanın qrup mərhələsinə yüksəlməyin təməlini qoyduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Borussiya” klubunun futbolçusu Nuri Şahin deyib.

Avroliqanın pley-off mərhələsində “Qarabağ”a böyük hesabla qalib gələn Dortmund təmsilçisinin türkiyəli futbolçusu cavab görüşündə ehtiyatlı oynamağı və qələbə qazanmağı planlaşdırdıqlarını deyib: “Qələbəmizin əsasını erkən qol vurmağımız qoydu. Nəticədə ilk qoldan sonra daha da ruhlandıq və rahat oynadıq. Artıq cavab görüşü barədə fikirləşməliyik. Biz bununla kifayətlənməyib, Avropada uğurlu çıxışımızı davam etdirəcəyik. Çünki cavab oyunu da böyük əhəmiyyət kəsb edir. Məncə, Bakıda keçirəcəyimiz oyunda “Qarabağ” ilk dəqiqələrdən qol vurmağa çalışacaq. Amma biz qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün bütün gücümüzü səfərbər edəcəyik”.

Şahin bildirib ki, cavab görüşünə kimi onları daha bir vacib oyun gözləyir: “Biz ilk məqsədimizə çatdıq. İndi bizi qarşıda “Bayer”lə çempionat oyunu gözləyir. İnanıram ki, “Qarabağ”a qarşı göstərdiyimiz oyun azarkeşlərimizi daha da ruhlandıracaq və stadiona daha çox azarkeş gələcək”.

Qeyd edək ki, “Qarabağ” və “Borussiya” arasında cavab oyunu avqustun 26-da keçiriləcək.