Kaqava: Fasilədən sonra tempi aşağı saldıq
20.08.2010 - 09:42
Kaqava: Fasilədən sonra tempi aşağı saldıq
“Azarkeşlərimiz qarşısında iki qol vurmaq çox sevindiricidir. Çılğın azarkeşlərimiz var ki, yeni mövsümdə də onlarla olacağım üçün xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun futbolçusu Şindzi Kaqava deyib.

Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Ağdamın “Qarabağ” klubunun qapısına 2 qol vuran yaponiyalı çətinliklə üzləşmədiklərini bildirib: “Qarabağ”la oyunda hər şey yaxşı başladı. Erkən qol vurduq və 4:0-a qədər yaxşı oynadıq. Lakin fasilədən sonra tempi aşağı salıb, ehtiyatlı oynamağa başladıq. Çünki artıq qarşıdakı oyunu düşünürdük. O ki, qaldı vurduğum üçüncü, amma sayılmayan qola - həmin epizodun təkrarını izləməliyəm”.

Kaqava “Qarabağ”dan çox Bundesliqanın ilk turundakı rəqib “Bayer” haqda düşünür: “Komandamızın böyük gələcəyi var. Lakin hələ üzərində çalışmalı olduğumuz çatışmazlıqlar yetərincədir. Qarşıda “Bayer”lə oyunumuz var. Düşünürəm ki, həmin matç daha gərgin olacaq. Həmin görüşə hazırlaşmaq üçün 3 gün vaxtımız var. Mən bütövlüklə həmin qarşılaşmaya köklənmişəm. Mənim üçün Mixael Ballaka qarşı oynamaq böyük şərəfdir. Vətənimdə bu səviyyədə ulduza qarşı oynamaq mənə nəsib olmayıb”.

Qeyd edək ki, “Borussiya” – “Qarabağ” oyununda meudan sahibləri 4:0 hesabı ilə qalib gəliblər.