Qurban Qurbanov böyük hesablı məğlubiyyətin səbəbini açıqladı
20.08.2010 - 09:45
Qurban Qurbanov böyük hesablı məğlubiyyətin səbəbini açıqladı
“Bizim komanda bacardığı kimi oynaya bilmədi. Rəqib çox güclü idi. Lakin buna baxmayaraq, biz darmadağına layiq deyildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

38 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Qurbanov Almaniyanın “Borussiya” klubu tərəfindən darmadağın edilən yetirmələrindən narazı qalıb: “Futbolçularımız səhvlər buraxırdılar. İndi bütün bunları təhlil etməliyik. Cavab oyunundan layiqli oyun gözləyirəm. Hər şey edəcəyik ki, Avropa Liqası ilə başı aşağı vidalaşmayaq”.

Qurbanov komandasının ikinci hissədə daha yaxşı oynamasını rəqibin buna imkan verməsi ilə izah edib: “Borussiya” topu elə saxlayırdı ki, biz onu ala bilmirdik. Dördüncü qoldan sonra almaniyalılar sakitləşib tempi aşağı saldılar. Bunun sayəsində biz də bir neçə təhlükə yarada bildik”.

Qeyd edək ki, “Borussiya” “Qarabağ”la oyunun taleyini ilk 41 dəqiqədə vurulan qollarla həll edib – 4:0.