“Turan”: Hörmətli hakimlər, imkan verin futbol oynayaq!
30.08.2010 - 12:32
“Turan”: Hörmətli hakimlər, imkan verin futbol oynayaq!
Unibank Premyer Liqasının IV turu Tovuzun “Turan” klubunun bəyanat yayması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, qərb təmsilçisinin narazılığı yenə hakimliklə bağlıdır.

Tovuzlular bir aydan da azdır başlayan çempionatın arxada qalan dövründə üzləşdikləri vəziyyəti hakim haqsızlığı sayır: “Bir sıra oyunlarımızda komanda hakim haqsızlıqlarının qurbanına çevrilib. 2010/2011 mövsümü yeni başlamasına baxmayaraq, bundan daha çox zərər çəkən klub məhz “Turan” olub. Arxada qalan 4 turdan ikisində bununla əlaqədar etirazlarımızı bildirmişik. AZAL-la oyunda Əfqan Həmzəyev “Simurq”la oyunda isə Ceyhun Haşımovun briqadası təmiz qolumuzu hesaba almadı. Bu, nə qədər davam edə bilər?”

Bəyanatda bildirilir ki, hər bir xal komandanın taleyində önəmli rol oynayır: “Əgər hakimlər hər dəfə xüsusi maraqdanmı, qərəzdənmi və ya sadəcə bilməməzlikdənmi vurduğumuz qolları saymayıb, Tovuz futbolunun taleyi ilə oynayacaqlarsa, onda bəs nə etməli? Bizə yalnız təmiz hakimlik kifayət edər. Meydanda kim güclüdür, qoy o da qalib gəlsin. Başa düşürük ki, hakim də insandır. O da səhv edə bilər. Amma belə səhvlər hər dəfə nədənsə “Turan”a qarşı yönəlir”.

Tovuzlular sonda Unibank Premyer Liqasının oyunlarını idarə edən hakimlərə də müraciət edib: “Hörmətli hakimlər, imkan verin futbolumuzu oynayaq!”

Qeyd edək ki, adıçəkilən oyunlarda “Turan” cəmi 1 xal qazanıb. Qərb təmsilçisi AZAL-a 0:1 hesabı ilə uduzub, “Simurq”la isə “sülh” bağlayıb.