“90 dəqiqə oynayıb qol vurmasam, deməli, rəqabətə hazır deyiləm”
30.08.2010 - 13:56
“90 dəqiqə oynayıb qol vurmasam, deməli, rəqabətə hazır deyiləm”
“Komandamız xeyli vaxt idi səfərdə “İnter”i məğlub edə bilmirdi. Bu səbəbdən qarşılaşmanın ağır keçəcəyini bilirdik. Səfərdə rəqibimizi 2:0 hesabı ilə məğlub etməyimiz sürpriz oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun hücumçusu Fərid Quliyev deyib.

Unibank Premyer Liqasının IV turunda son ölkə çempionunu məğlub edən “Neftçi” bununla da “bankirlər”lə görüşlərdəki uğursuz seriyaya son qoyub. Belə ki, “ağ-qaralar” son 3 ildə “İnter”i səfərdə yenə bilmirdi: “Neftçi” bu oyunu ilə çempionluq uğrunda mübarizədə əsas komanda olaraq qalır. Son çempionu məğlub etmək, çox mətləblərdən xəbər verir. Komandamız arxada qalan 4 oyunda rəqib qapılarından 9 top keçirib, öz qapısından isə cəmi 1 qol buraxıb. Ən məhsuldar komandayıq və 4 oyun üçün bu nəticəni uğurlu saymaq olar”.

Ötən mövsüm çempionatın ən sərrast futbolçusu olan Quliyev hələ ki, yeni komandasında rəsmi oyunlarda qol hesabını aça bilməyib. Ancaq hücumçu bunun üçün baş məşqçidən şans verməsini istəyib: “Hələ şansımı gözləyirəm. İndiyədək heç bir görüşdə 90 dəqiqə oynamamışam. Baş məşqçi nə vaxt şans versə, mən də öz sözümü deyəcəyəm”.

Rəqabətə hər zaman hazır olduğunu deyən Quliyev bir oyunu 90 dəqiqə meydana olmaq və qol vurmaq istəyir: “Hələ rəqabət başlamayıb ki, deyim hazıram, ya yox. 90 dəqiqə oynayım, qol vurmasam, deməli, rəqabətə hazır deyiləm”.