“Qarabağ”ın daha bir futbolçusu Avropanın ən yaxşıları arasında
18.10.2010 - 09:46
“Qarabağ”ın daha bir futbolçusu Avropanın ən yaxşıları arasında
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu günə olan cədvəldə Azərbaycan milli komandasının üzvü də var. Bu, Portuqaliyada təşkil olunan 3-cü qrupun matçlarında 3 qol vuran Tural İsgəndərovdur.

Ağdamın “Qarabağ” klubunun şərəfini qoruyan gənc hücumçu Portuqaliyaya 1, Gürcüstana 2 qol vurub. O, qitə çempionatının ən məhsuldar futbolçularından yalnız 1 qol geri qalır. Siyahıya başçılıq edən Benik Afobe (İngiltərə), Kevin Volland (Almaniya), Ceyms Kitinqs (Şotlandiya) hərəyə 4 qol vurublar. Tural isə daha 7 futbolçu ilə bərabər 4-11-ci yerləri bölüşür.

Qeyd edək ki, “Qarabağ”ın daha bir futbolçusu Əfran İsmayılov bir müddət Avropa Liqasının bombardirləri siyahısında qərarlaşmışdı.