Avrokuboklarda ən layiqli təmsilçilərimizin görüşü
19.10.2010 - 09:39
Avrokuboklarda ən layiqli təmsilçilərimizin görüşü
Sabah Unibank Premyer Liqasında IV turdan təxirə salınmış oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Qarabağ” - “Bakı” görüşü ilə Premyer Liqamızın bütün təmsilçilərinin oyunlarının sayı bərabərləşəcək. Bu oyun avqustun 29-da keçirilməli olsa da, həmin vaxt “Qarabağ”ın Avroliqada Dortmund “Borussiya”sı ilə görüşü üzündən təxirə salındı. Ağdamlılar müvəqqəti olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir ki, ora “Bakı”nın doğma arenasıdır. Deməli, “zolaqlılar” bu görüşdə nominal qonaqlar olacaq.

Artıq iki ildir ölkəmizin avrokuboklarda ən layiqli təmsilçiləri olan “Qarabağ”la “Bakı” cari mövsümə qeyri-sabit oynayır. Avroliqanın son təsnifat mərhələsinə irəliləyən ağdamlıların yığmada da xeyli futbolçuları olduğundan, yorğunluq öz sözünü deyir. “Bakı” isə həmin turnirdə məlum olaylardan, “Buduçnost”la hər iki görüşdə 2:1 hesabı ilə qalib gəlsə də, mübarizəni dayandırdıqdan sonra psixoloji zərbə aldı və özünə gəlməsi üçün xeyli vaxt lazım gəldi. Son üç turda inamlı təsir bağışlayan ölkə kubokunun qalibi xal ehtiyatını xeyli artırıb. “Bakı” növbəti qələbəsini qazanarsa, ilk “altılığ”a düşəcək və “Qarabağ”ı turnir cədvəlində qabaqlayacaq. “Qarabağ” isə qələbə sayəsində “İnter”i arxada qoyaraq, 3-cü yerdə gedən AZAL-la xalları bərabərləşdirəcək. Ancaq “təyyarəçilər” topların fərqində rəqibindən üstündür.

Hər iki komandada heyətlə bağlı problemlər var. “Bakı”nın braziliyalı hücumçusu Jabanın 4 oyunluq cəzası yarıbayarı azaldılsa da, diskvalifikasiyası “Qarabağ”la görüşdən sonra bitəcək. Kamerunlu yarımmüdafiəçi Joel Epalle isə əməliyyatdan sonra bərpa prosesi keçir. “Qarabağ”da zədə baxımından problemlər millimizin üzvləri ilə bağlıdır. Maksim Medvedevlə Samir Abasov bu səbəbdən Türkiyə yığması ilə oyunda iştirak etmədilər.

20 oktyabr
16:00. “Qarabağ” – “Bakı”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu