“Qalatasaray” Tuqay Kərimoğluya tapşırıldı
19.10.2010 - 13:17
“Qalatasaray” Tuqay Kərimoğluya tapşırıldı
“Qalatasaray” klubunun rəhbərliyi baş məşqçisi Frank Raykaardla bağlı qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Superliqanın axırıncı turunda evdə “Ankarügücü”yə 2:4 hesablı məğlubiyyətdən sonra klub binasında 2 saatlıq görüşdə əhəmiyyətli qərarlar qəbul edib. Klubun ikinci vitse-prezidenti Mehmet Halvaçı yığıncaqla bağlı belə şərh verib: “Rəhbərlik olaraq bəzi qərarlar aldıq. Lakin onları həftə içində açıqlayacağıq”. Türk həmkarlarımız Raykaardla yolları qəti olaraq ayırmaq qərarının çıxarıldığını öyrənib. Bu günə qədər hollandiyalı çalışdırıcının arxasında duran klub prezidenti Adnan Polat da qərara dəstək verib.

Bundan sonra yeni baş məşqçi məsələsi müzakirə mövzusu olub. Polat aşağı yaş qruplarına rəhbərlik edən Tuqay Kərimoğlu ilə görüşərək, “Fənərbaxça” ilə bazar günü derbi oyununa çıxarmağı tapşırılıb. Baş məşqçi postuna üç namizəd var. Bunlar Fatih Terim, Ərsun Yanal və rumıniyalı Georgi Hacıdır. Yanal istisna olmaqla qalan ikisi “Qalatasaray”ı çalışdırıb. Hacı hətta onun futbolçusu da olub və 2000-ci ildə məhz Terimin rəhbərliyi altında UEFA kubokunu qazanıb.

Qeyd edək ki, 12 il “Qalatasaray”da oynayan 40 yaşlı Kərimoğlunun ardından İngiltərədə uğurlu karyerası olub. O, komandanın yeni baş məşqçisinin köməkçilərindən biri olacaq.