Fariz Nəcəfov: Onun komandaya faydalı olacağına inanıram
19.10.2010 - 14:09
Fariz Nəcəfov: Onun komandaya faydalı olacağına inanıram
“Komanda oyundan-oyuna formalaşır. Futbolçular bir-birinə uyğunlaşırlar. Düzdür, adaptasiya prosesinin tam başa çatdığını deyə bilmərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib. Mövsümə pis başlayan, amma son 5 oyunun 4-də qələbə qazanan “Qəbələ” sabit çıxış etməyə başlayıb. Xüsusilə də son 3 oyunda xal itirməyən Toni Adamsın yetirmələrinin bu uğuru klub rəhbərliyini da sevindirir: “Qarabağ” kifayət qədər güclü komandadır. Ancaq biz onları xalsız qoyduq. “Turan”ı isə evdə məğlub etmək asan deyil. “Muğan” bu gün iddialılar sırasında olmasa da, yaxşı komandadır”.

Nəcəfov mövsümün əvvəlində cəlb edilən yeni legionerlərin ümidləri doğrultduğunu qeyd edib: “Braziliyalı futbolçulardan Bruno da Silva ümidləri doğruldub. O, əsas heyətdə meydana çıxır, qol vurur. Onunla bərabər transfer etdiyimiz oyunçulardan Bruno dos Anjos isə hələ ehtiyatda qalır. Ancaq onun da komandaya faydalı olacağına inanıram. Gəncdir, uzun müddətli müqaviləmiz var”.

Stadionda aparılan tikinti işləri barədə də danışan vitse-prezident məşq üçün meydançaların hazır olduğunu deyib: “Təbii örtüklü meydançamız hazırdır. Ot səpilib. Amma orada indi oynamaq olmaz. Çünki otun kökü hələ bərkiməlidir. Yəqin ki, qışdan sonra komanda orada məşq edəcək. Qapıçılar, eləcə də aşağı yaşlıların məşq etməsi ayrıca meydançalar hazırlanıb”.