Türkiyə yığmasının futbolçusu Bundesliqada hamıdan öndə
19.10.2010 - 15:28
Türkiyə yığmasının futbolçusu Bundesliqada hamıdan öndə
Türkiyə milli komandasının futbolçusu Nuri Şahin Bundesliqanın ən yaxşı futbolçusudur. Apasport.az saytının məlumatına görə, Almaniya çempionatının VIII turundan sonra Dortmund “Borussiya”sının üzvü mövsümün ən yaxşıları arasında I pilləyə yüksəlib. Baş tutan qarşılaşmalara görə aldığı orta qiymət 2,19 olan Nuri bu göstəricidə hamıdan öndə qərarlaşıb. Onun komanda yoldaşı Avroliqada Ağdamın “Qarabağ” klubu ilə oyunlarda özünü göstərən Şindzi Kaqava siyahıda III yerdədir – 2,38 xal. Təmsilçimizi qitə kubokundan kənarlaşdıran “Borussiya”nın daha iki oyunçusu ilk “10-luq”da yer alıb. Belə ki, Sven Bender 4-cü, Mats Hummels isə 10-cu yerdədir. Bundan başqa Şahin 5-ci, Kaqava isə 4-cü dəfə turun rəmzi yığmasına da düşüb.

Qeyd edək ki, oktyabrın 12-də keçirilən Azərbaycan – Türkiyə matçına dəvət alan Nuri komandasının 0:1 hesablı məğlubiyyətini ehtiyat oyunçular skamyasından izləyib.