Əfran İsmayılov bu il bir daha meydana çıxmayacaq
19.10.2010 - 17:09
Əfran İsmayılov bu il bir daha meydana çıxmayacaq
“Qarabağ” klubunun və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov ili erkən başa vurub. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov apasport.az saytına açıqlamasında 22 yaşlı yarımmüdafiəçinin yaşıl meydana dönüşü üçün gələn ili gözləməli olacağımızı bildirib. Qurbanovun sözlərinə görə, cari mövsümün ilk turunda “Neftçi” ilə oyunda ağır zədələnən, Türkiyədə əməliyyatdan sonra bərpa prosesi keçən Əfranla bağlı riskə getmək istəmirlər: “Yəqin ki, Əfran yanvarda meydana çıxacaq. O, həmin vaxt tam yükləmələr olanda hazır olacaq. İsmayılovun bu ilin sonunda meydana çıxması real deyil. Tam hazır olsa da, tələsdirmək istəmirik. İstəyirik ki, tam bərpa olunsun, sonra oynadaq”.

Qeyd edək ki, karyerasının ən yaxşı ilini keçirən Əfran yayda Avroliqada vurduğu 5 qolla avrokuboklar tariximizdə bombardirimizdir.

Mehman SÜLEYMANOV