“Xəzər Lənkəran”ın 6 illik seriyası qırıldı
19.10.2010 - 17:26
“Xəzər Lənkəran”ın 6 illik seriyası qırıldı
“Gəncə” klubu “Xəzər Lənkəran”ın tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi milli çempionatlarımızda ilk böyük hesablı məğlubiyyətini bu komandadan aldı. Bu, Unibank Premyer Liqasının son turunda “Gəncə”yə səfərdə 1:4 hesabı ilə uduzduqları oyundur. Bununla da rumıniyalı Mirça Rednikin çalışdırdığı “Xəzər Lənkəran”ın cari mövsümdə ilk məğlubiyyəti böyük hesablı oldu.

2004-cü ilin yayında yaradılan “Xəzər Lənkəran” bu müddətdə milli çempionatımızda böyük hesabla yenilməyən yeganə komanda idi. Komandanın tarixindəki hər iki belə məğlubiyyət digər turnirlərə təsadüf etmişdi. Söhbət Azərbaycan və UEFA kubokundan gedir. Ölkə kubokunun 2005/06 mövsümündə ukraynalı Viktor Pasulkonun çalışdırdığı “Xəzər Lənkəran” “Karvan”la səfərdə keçirilən yarımfinalın cavab görüşündə 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı. Lənkəranlılar üç top fərqli növbəti yenilgini iki il sonra Ağasəlim Mircavadovun baş məşqçisi olduğu vaxtda aldı. 2008-ci ilin yayında UEFA kubokunda I təsnifat mərhələsində Polşada “Lex”lə cavab görüşündə məğlubiyyət 1:4 hesablı oldu. Mircavadov oyundan dərhal sonra postundan getdi. Çempionatımızda məğlubedilməz olan Pasulkonun da istefasında kubokdakı nəticə böyük rol oynadı.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın uduzması ilə cari mövsümdə məğlubedilməz komanda qalmadı.

Mehman SÜLEYMANOV