Elmir Əliyev: “Kəpəz” klubunun “Gəncə”yə heç bir bağlılığı olmayacaq
20.10.2010 - 11:02
Elmir Əliyev: “Kəpəz” klubunun “Gəncə”yə heç bir bağlılığı olmayacaq
“Kəpəz”in yenidən bərpa olması ilə bağlı deyilənlər həqiqətdir. Bunu Gəncə Regional Futbol Federasiyasının rəhbərliyi həyata keçirir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” futbol klubunun prezidenti Elmir Əliyev deyib.

Gəncəlilərin IX turda “Xəzər Lənkəran”ı məğlub etməsindən ruhlanan regional federasiyanın rəhbərliyi bir vaxtlar Gəncəni layiqincə təmsil edən, amma 4 il əvvəl maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandıran “Kəpəz”i yenidən futbol arenasına qaytarmaq niyyətindədir. Artıq bununla bağlı işlərə başlanıb. Ancaq “Kəpəz”lə “Gəncə”nin heç bir bağlılığı olmayacaq: “Onlar ev oyunlarını başqa stadionda keçirəcəklər. Bu klubla bizim heç bir bağlılığımız olmayacaq”.

Təbii ki, eyni şəhəri təmsil edəcək komandaların gələcəkdə bir-birinə görüm-baxım etməsinə gəldikdə, Əliyev bunun mümkün olmayacağını bildirib: “Hələ bu klubun yaradılmasına 1 il var. Gələn mövsüm onlar I divizionda çıxış edəcəklər. Həm də hər iki klub müstəqil olacaq. “Kəpəz”in yaradılması futbolun inkişafı ilə bağlıdır. Gəncədə futbol oynamaq istəyənlərin sayı çoxdur”.

Əliyev həmçinin bildirib ki, Gəncə şəhər mərkəzi stadionunda yeni oturacaqlar quraşdırılacaq: “Bunu klub öz hesabına həyata keçirəcək. Hazırda hesablama aparılır. Oturacaqların sayını ən azı 15 minə çatdırmaq istəyirik. İmkan olsa, bütün stadionda plastik oturacaqlar quraşdıracağıq”.