Azərbaycan yığması “Top-100”də!
20.10.2010 - 12:03
Azərbaycan yığması “Top-100”də!
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən reytinqlə müqayisədə 11 pillə irəliləyib. 91-ci yerə yüksələn və hesabında 361 xal olan millimizin Bakıda Türkiyə üzərində qazandığı qələbə (1:0) reytinq tariximizdə rekord vurub.

Belə ki, bu, milli komandamızın FİFA-nın reytinqində 16 illik tarixində ən yüksək göstəricisidir. Son iki oyununda qol vurmadan uduzan Türkiyə (780 xal) isə 8 pillə geriləyərək, 29-cu yerə düşüb.

Avro-2012-nin seçmə mərhələsində digər rəqiblərimizdən Almaniya (4-cü yer, 1481 xal) 1, Qazaxıstan (137-ci yer, 167 xal) 11 pillə geriləyib. Belçika (62-ci yer, 499 xal) mövqeyində qaldığı halda, Avstriya (49-cu yer, 574 xal) 12 pillə irəliləyib. Yığmamızın noyabrın 17-də səfərdə yoldaşlıq görüşü keçirəcəyi Çernoqoriya 14 pillə irəliləyərək, 826 xalla 26-cı yerə yüksəlib.

Reytinq siyahısında ilk iki pilləsində dəyişiklik olmayıb. Belə ki, son dünya çempionu İspaniya 1881 xalla 1-ci, gümüş medalçı Hollandiya millisi 1683 xalla 2-dir. Beş dəfə dünya çempionu olmaqla ən titullu yığma olan Braziliya (1493 xal) 1 pillə irəliləyərək, 3-cü yerə qalxıb.

Qeyd edək ki, yığmamız UEFA-nın reytinqində 44-cü yerdə gedir.