“Rəşad Sadıqov debüt oyununda çətinliklə üzləşdi”
20.10.2010 - 13:06
“Rəşad Sadıqov debüt oyununda çətinliklə üzləşdi”
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçirilən Azərbaycan – Türkiyə oyununda vurduğu qolla matçın taleyini həll edən Rəşad Sadıqov qonşu ölkə mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, həmkarlarımız Superliqa təmsilçisi “Əskişəhərspor”un şərəfini qoruyan 28 yaşlı müdafiəçiyə böyük diqqət ayırırlar.

Onlar həmyerlimizin yeni klubundakı debütünü də dəyərləndirməyi lazım biliblər. Türkiyəlilər Rəşadın “İstanbul Böyükşəhər Bələdiyyəsispor”la qarşılaşmada millidəki oyununu göstərə bilmədiyini düşünürlər və bunu zamanla bağlayırlar. Yəni, Sadıqovun komandaya uyğunlaşması üçün vaxta ehtiyacı var: “Türkiyə milli komandasının qapısına vurduğu qolla “qara-qırmızı” formanı ələ keçirən Rəşad “Əskişəhərspor”da debüt edib. O, “İstanbul Böyükşəhər Bələdiyyəsispor”la görüşdə ilk dəfə bu formanı geydi. Bu onun debüt matçı olduğundan komanda yoldaşları və “Əskişəhərspor”un oyun tərzinə uyğunlaşmaqla bağlı çətinliklə üzləşdi. Elə bu səbəbdən də komandanın qələbəsinə böyük fayda verə bilmədi. Matçın sonlarındakı iki epizodda oyuna müdaxilə etməklə, diqqət çəkən müdafiəçi ümumilikdə orta səviyyəli oyun göstərdi. Rəşadın qarşıdakı həftələrdə necə oynayacağı isə böyük maraq doğurur”.

Qeyd edək ki, Rəşadın komandası mövsümdə ilk qələbəsini məhz “İstanbul Böyük Şəhər Bələdiyyəsispor”la görüşdə qazanıb – 1:0.