“Qarabağ” seriyaları xoşlamır
21.10.2010 - 10:17
“Qarabağ” seriyaları xoşlamır
Unibank Premyer Liqasında IV turdan təxirə salınmış “Qarabağ”la görüş “Bakı”nın məğlubiyyətsiz oyunlar seriyasını qırdı. Apasport.az saytının hesablamalarına görə, son ölkə kubokunun qalibi 66 gündən sonra meydanı məğlub tərk etdi.

Almaniyalı Vinfred Şaferin çalışdırdığı komanda buna qədər sonuncu dəfə avqustun 15-də Salyanda “Muğan”la keçirilən (II tur) oyunda uduzmuşdu – 0:1. Bundan sonra 6 oyun uduzmayan “Bakı”nın seriyası təxirə salınmış yeganə görüşündə qırıldı.

Unibank Premyer Liqasında cari mövsümdə ən uzun məğlubiyyətsiz seriya “Xəzər Lənkəran”a məxsus olub. Rumıniyalı Mirça Rednikin yetirmələri ötən tura qədər uduzmayan yeganə komanda idi. Bu seriyaya Gəncədə eyni adlı komanda ilə görüşdə darmadağınla son qoyuldu. Vahid lider “Neftçi”nin seriyasını elə “Xəzər Lənkəran” qırdı. “Bakı” da “Neftçi” kimi 6 oyun uduzmasa da, həmşəhərlilərindən xal fərqinə görə qalır.

“Gəncə”nin məğlubiyyətsiz seriyasının özəllikləri var. Belə ki, 4 ildən sonra güclülər dəstəsinə qayıdan komanda həmin 5 görüşündə heç birində qalib gəlməmiş, ən əsası, hamısını 1:1 hesablı bərabərlikdə etmişdi. Maraqlıdır ki, “Gəncə” kimi “Bakı”nın da seriyası “Qarabağ”la Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə qırılır. Ümumiyyətlə, cari mövsümdə ən uzun müddət məğlubiyyətsiz seriyaya malik komandaların hamısının uğurlu çıxışı səfərdə yekunlaşır.

Cari mövsümdə ən azı 5 oyun məğlubiyyətsiz seriyası olan komandalar

1. “Xəzər Lənkəran” – 8 oyun, 18 xal

5 qələbə, 3 heç-heçə, topların fərqi - 10-1
IX turda “Gəncə”yə səfərdə 1:4 hesablı məğlubiyyətlə seriyası qırıldı

2. “Neftçi” – 6 oyun, 16 xal
5 qələbə, 1 heç-heçə, topların fərqi – 14-1
VII turda “Xəzər Lənkəran”a səfərdə 0:1 hesablı məğlubiyyətlə seriyası qırıldı

3. “Bakı” – 6 oyun, 12 xal
3 qələbə, 3 heç-heçə, topların fərqi – 10-6
“Qarabağ”la IV turdan təxirə salınmış səfər oyununda 0:2 hesablı məğlubiyyətlə seriyası qırıldı

4. “Gəncə” – 5 oyun, 5 xal
5 heç-heçə, topların fərqi – 5-5
“Qarabağ”la II turdan təxirə salınmış səfər oyununda 0:3 hesablı məğlubiyyətlə seriyası qırıldı