“Yaxşı ki, həmin klubu yadıma saldınız”
21.10.2010 - 14:56
“Yaxşı ki, həmin klubu yadıma saldınız”
“Qarabağ” klubunun gürcüstanlı hücumçusu Georgi Adamiyanın apasport.az saytına müsahibəsi

- Etdiyiniz dublla “Bakı” ilə görüşün qəhrəmanı oldunuz. Belə demək olarmı ki, “Neftçi”də gördüyümüz Adamiya özünə gəlir?
- Bunu mən yox, siz daha yaxşı deyə bilərsiniz. Hər halda, kənarda daha yaxşı görünər. Mənim bu haqda danışmağım düzgün çıxmaz.

- Bəlkə mərkəzdə oynamağın da böyük təsiri var?
- Mənə mərkəzdə oynamaq daha asandır. Düzdür, cinah da pis deyil. Ancaq hər halda, mərkəzdə oynayanda, qol vurmaq şansı daha çox olur. İndi yarımmüdafiənin mərkəzində oynayıram. Şans veriləndə hücumda da çıxış edirəm.

- Sabiq klubunuzla matçda qazanılan qələbə nə ilə bağlıdır: rəqib çox zəif təsir bağışladı, yoxsa siz daha yaxşı oynadınız?
- Biz həmin görüşə yaxşı hazırlaşmışdıq. Real imkanlarımız da oldu. Sevinirəm ki, əlimə düşən imkanlardan istifadə edərək, komandamıza vacib qələbə qazandırdım. “Bakı”ya gəlincə, məncə rəqibə oyununu göstərməyə imkan vermədik. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirdik. Rəqibin oynamasına imkan versəydik, işimiz çətin olardı.

- Siz ötən qış “Qarabağ”a məhz “Bakı”dan keçdiniz. Keçmiş komandanıza qarşı prinsipiallıq, qol vurmaq istəyiniz var idimi?
- İnanın ki, hansısa prinsipiallıq yox idi. Onsuz da mən “Qarabağ”ın heyətində “Bakı”ya qarşı iki dəfə oynamışdım. Bu, ötən mövsüm “altılıq” da olmuşdu. Təəssüf ki, həmin qarşılaşmaların hər ikisində uduzmuşduq. Sadəcə, bu dəfə “Bakı”ya qalib gəlmək istəyirdim. Digər şeylər haqda düşünmürdüm. Hər halda, buna vurduğum qollarla nail olmaq sevindiricidir.

- “Qarabağ” mövsümə uğursuz start götürsə də, son vaxtlar göstərdiyi oyun, nəticə komandanın özünə gəldiyini göstərir. Siz də problemi Avroliqada ağır oyunlarda görürsünüz?
- Bəli, bunun təsiri böyük oldu. Avroliqada ağır oyunlardan sonra çempionata köklənmək çətin idi. Bütün yay boyu sıx qrafikdə çalışdıq. Məşqlər, Avroliqada oyunlar, uçuşlar – bütün bunlar yorğunluq yaratmışdı. Bu, mövsümün əvvəlində öz təsirini göstərdi. Ancaq indi hər şey qaydasına düşür. Artıq bütün diqqətimizi çempionata yönəltmişik. Son oyunlarda qazandığımız qələbələrlə turnir cədvəlində vəziyyətimizi də yaxşılaşdırmışıq.

- Bunda sizin də əməyiniz var. Hər halda, vurduğunuz vacib qollarla komandaya qələbə qazandırmısız. Son 2 matçda meydanı qolsuz tərk etmirsiniz, artıq hesabınızda 5 top var. “Qarabağ”ın cari mövsümdə bombardiri olan Adamiyanın şəxsi göstəricilərdə hədəfi nədir?
- Mənim üçün özümün, yoxsa komanda yoldaşımın qol vurmasının fərqi yoxdur. Əsas məqsəd “Qarabağ”ın uğurlu çıxışıdır. Mən sadəcə, meydana çıxıb, komandama bu yöndə kömək edirəm. Çalışıram ki, oyunumla fayda verim. Kimin qol vurması elə də önəmli deyil.

- Hələ ilk dövrə bitməyib və qarşıda xeyli oyunlar var. Bombardirlər yarışında “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimovun hesabında 10 qol var. Sözlərindən belə çıxır ki, bombardirlik, Nasimova çatmaq haqda fikirləşmirsiniz...
- Həqiqətən də indi bu haqda düşünmürəm. Bilirəm ki, Bahodir 10 qol vurub, bombardirdir. Əlbəttə, ona çatmaq olar. Bu, realdır. Ancaq indi diqqətimi buna yönəltməmişəm. Növbəti görüşlərdə yaxşı oynayıb, komandama faydalı olmağa çalışacağam. Şansım gətirsə, qol sayımı da artıracağam.

- Cari mövsümdə çempionluq, kubok uğrunda mübarizədə əsas rəqiblər kimi kimləri görürsünüz?
- Bu dəfə rəqiblərimizin sayı çoxdur. “Altılığ”a düşmək uğrunda gərgin mübarizə gedir. 5-6 komanda çempionluq uğrunda mübarizə aparacaq. AZAL-la “Qəbələ” cari mövsümdə yaxşı təsir bağışlayır.

- Bəs qol vurduğunuz “Gəncə”?
- Yaxşı ki, həmin komandanı yadıma saldınız. “Gəncə”nin çıxışı haqda xoş sözlər demək olar. Son turda “Xəzər Lənkəran” kimi güclü rəqibə evdə böyük hesabla qalib gəldilər. Ümumiyyətlə, ötən turda gözlənilməz nəticələr çox oldu. Lider “Neftçi” ilə “Xəzər Lənkəran” xal itirdilər. Bunlar mübarizənin gərgin olacağından xəbər verir. Biz isə yenə çempionluq və kuboku qazanmağı qarşımıza məqsəd qoymuşuq və mübarizəmizi sona kimi davam etdirəcəyik.

Mehman SÜLEYMANOV