Maksim Medvedev: Məni komandada ciddi rəqabət gözləyir
21.10.2010 - 16:25
Maksim Medvedev: Məni komandada ciddi rəqabət gözləyir
“İki gündür yüngül qaçışlara başlamışam. Zədəmin tezliklə sağalacağını düşünürəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

Zədəli olduğu üçün millinin Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində Avstriya və Türkiyə ilə keçirdiyi görüşlərdə meydana çıxmayan müdafiəçi “Qarabağ”ın “Simurq” və “Bakı” ilə oyunlarını da buraxıb. Halbuki, həkimlər ona 10 günə yaşıl meydanlara dönəcəyini demişdilər: “Zədə alan vaxt həkimlər 10 gündən sonra oynaya biləcəyimi demişdilər. Ancaq bu proses uzanır. Artıq 15 gün keçib, hələ də oynamıram. Yaxın günlərdə komanda yoldaşlarıma qoşulacağıma inanıram. Təbii ki, əvvəlcə formamı bərpa etməliyəm”.

Dünən “Qarabağ”ın “Bakı” ilə keçirdiyi oyunu tribunadan izlədiyini deyən Medvedev komandasının yaxşı təsir bağışladığını vurğulayıb: “Bakı” ilə oyunda komanda yaxşı təsir bağışladı. Həm futbol oynadılar, həm də qələbə qazandılar. Əlbəttə, mən də meydanda olmağı, onlara kömək etməyi istəyirəm”.

Öz mövqeyində çıxış edən Qara Qarayev haqqında da xoş sözlər söyləyən Maksim deyəsən, narahat olmağa başlayıb: “Qara gənc və perspektivli futbolçudur. Özü də mənim cinahımda çıxış etdi. Təbii ki, onun yaxşı oynaması o deməkdir ki, qarşıda məni ciddi rəqabət gözləyir”.