“Onların yazdıqlarının 99,9 faizi cəfəngiyat və uydurmadır”
22.10.2010 - 10:51
“Onların yazdıqlarının 99,9 faizi cəfəngiyat və uydurmadır”
“Rumıniya mətbuatında yazılanların bir qismindən xəbərimiz var. Onların mətbuatı elədir ki, özlərindən nə gəldi yazırlar, kimin adından istəyirlərsə müsahibə və ya açıqlama da dərc edirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Nadirov rumıniyalı baş məşqçi Mirça Rednikin komandadan ayrılmaq istəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, Rumıniya mətbuatının öz yığmalarının “sükanı arxasına” aparmaq istədikləri mütəxəssislə bağlı yazdıqları xəbər həqiqətdən çox uzaqdır: “Hətta bu günlərdə reallıqda olmayan müsahiblərdən biri ilə bağlı onlara etiraz məktubu da yazmışıq. Lakin hələ buna cavab göndərməyiblər. Rumıniyalı jurnalistlər həmişə belə yazılar yazıblar. Lakin buna heç kim fikir vermir. Çünki bütün dünya bilir ki, onların yazdıqları yalandır. Hamısı olmasa da, 99,9 faizi cəfəngiyat, uydurma, boş-boş şeylərdir. Elə Rednikin yığma naminə “Xəzər Lənkəran”ı tərk etmək istəməsi də bu tip xəbərlərdəndir”.

Qeyd edək ki, “Xəzər Lənkəran” bu ilin iyulunda baş məşqçi postuna gətirdiyi Rednikin rəhbərliyi altında keçirilən 9 oyunun yalnız sonuncusunda məğlub olub.

Vüqar XEYRULLAYEV