Azərbaycan-2012: Marafon başladı
22.10.2010 - 13:48
Azərbaycan-2012: Marafon başladı
Azərbaycanda keçiriləcək dünya çempionatının seçmə oyunları yalnız Okeaniya zonasında baş tutacaq. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə ölkəmizin qəbul edəcəyi 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya birinciliyinin iştirakçılarının hansı yolla müəyyənləşəcəyi məlum olub.

Meydan sahibi kimi yarışa birbaşa qatılacaq Azərbaycan millisi ilə yanaşı, final mərhələsində mübarizə aparacaq 15 komanda 6 yolla ölkəmizə vəsiqə qazanacaq. Bunlardan yalnız biri - Dünya çempionatının Okeaniya zonası üzrə seçmə turniri sırf mundiala xidmət edir.

Digər 5 yarış isə müxtəlif qitə çempionatlarıdır. 2012-ci ildə keçiriləcək 17 yaşlılar arasında Avropa, Cənubi Amerika, Afrika, Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi (KONKAKAF) çempionatlarının final mərhələlərinin hər biri həm də seçmə xarakteri daşıyacaq. 2011-ci ildə təşkil olunacaq 16 yaşadək futbolçular arasında Asiya birinciliyi də eyni xarakter daşıyacaq. Yəni qitə birinciliyində ən yüksək yerləri tutan komandalar Azərbaycandakı dünya çempionatında oynamaq hüququ qazanacaqlar.

Yeri gəlmişkən, artıq Asiya çempionatının seçmə mərhələsinə start verilib ki, bu da Azərbaycan-2012 yolunda ilk matçların baş tutması anlamına gəlir. Lakin hələ ki, 15 vəsiqənin qitələr üzrə necə bölüşdürüləcəyi rəsmən açıqlanmayıb. Buna baxmayaraq, bu il Trinidad və Tobaqoda keçirilən mundialdakı bölgünün dəyişdiriləcəyi də inandırıcı deyil. Həmin yarışa meydan sahiblərindən başqa Avropa, Asiya, Cənubi Amerika və Afrikanın hərəsindən 3, KONKAKAF-dan 2, Okeaniyadan 1 yığma qatılmışdı.

Qeyd edək ki, Azərbaycan 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsini qəbul edəcək ilk Avropa təmsilçisi olacaq. Çünki sayca III olacaq mundiala qədər ən güclülər 2008-ci ildə Yeni Zelandiya, 2010-cu ildə isə Trinidad və Tobaqoda mübarizə aparmışdılar. Hər iki halda da dünya çempionu adını koreyalılar qazanıblar. İki il əvvəl KXDR, bu il isə Cənubi Koreya hamıdan güclü olub.

Vüqar XEYRULLAYEV