Cəmşid Məhərrəmov: Adamı yandıran odur ki, bu cür şəraitlə nəticə qazana bilmrik
22.10.2010 - 23:00
Cəmşid Məhərrəmov: Adamı yandıran odur ki, bu cür şəraitlə nəticə qazana bilmrik
“Komandaya inamım var. Birinci dövrənin son 2 oyununda qələbə qazanıb, ikinci dövrəyə yaxşı başlamaq istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun müdafiəçisi Cəmşid Məhərrəmov deyib.

Mövsümə uğursuz başlayan paytaxt təmsilçisi büdrəməkdə davam edir. Təxirə salınmış oyunda “Qarabağ” qarşısında aciz görünən “zolaqlılar” məğlub olmaqla yanaşı, oyun baxımında da azarkeşlərini məyus edib. Hətta oyundan sonra keçirilən mətbuat konfransında “Bakı”nın baş məşqçisi Vinfred Şafer futbolçuların istəksiz çıxış etməsindən şikayətlənib. Kapitan almaniyalı mütəxəssisin dediklərini təsdiqləyib: “O, düz deyir, günah futbolçulardadır. Baş məşqçi təlimatını verir. Onu icra edən futbolçulardır. Adamı yandıran odur ki, bu cür şəraitin qarşısında nəticə qazana bilmrik. Nə bilim, səhvimizi düzəltməyə çalışacağıq”.

Bazar günü Unibank Premyer Liqasında “İnter”in qonağı olacaq “Bakı” həm də yaxşı oyun nümayiş etdirmək niyyətindədir: “İnter”ə qarşı yaxşı hazırlaşmışıq. Onların son oyunda AZAL-a 0:5 hesabı ilə məğlub olması bizi arxayınlaşdırmayıb. Bu, futboldur. Hesab aldadıcı da ola bilər. Arxayınlaşmaq olmaz. Biz yaxşı oyunla qələbə qazanacağıq”.