“Lənkəranda qələbə qazanmaq çətin olsa da, hər şey mümkündür”
22.10.2010 - 15:29
“Lənkəranda qələbə qazanmaq çətin olsa da, hər şey mümkündür”
“Xəzər Lənkəran”la oyun öncəsi bu komandaya transferimin baş tutmamağı haqda fikirləşmirəm. Doğrudur, mövsüm bitəndən cənub təmsilçisinə keçməyə yaxın idim. Ancaq alınmadı və indi bu komandaya qarşı oynayacam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun kapitanı Vurğun Hüseynov deyib.

Millimizin də üzvü olan gənc müdafiəçi “Qəbələ”dən gedəndən sonra “Xəzər Lənkəran”la razılığa gəlmişdi. Ancaq sonradan məlum oldu ki, müqavilə ilə məxsus olduğu “Turan”a qayıtmalıdır və iki klub arasında danışıqlar müsbət nəticələnmədi.

Hüseynov bunu Unibank Premyer Liqasında “Xəzər Lənkəran”la sabahkı səfər oyun öncəsi prinsipial məqam saymır: “Bunlar artıq keçmişdə qalıb. Mən bu haqda heç fikirləşmirəm də. İndi məni maraqlandıran “Xəzər Lənkəran”la oyuna yaxşı hazırlaşıb, komandanı meydana kapitan kimi çıxarmaqdır. Ötən turda “Neftçi” ilə evdəki 2:2 hesablı bərabərlikdən sonra komandamızda özünəinam hissi artıb. Biz Lənkərana yaxşı nəticə dalınca gəlmişik. “Xəzər-Lənkəran”a gələcəkdə keçməyə gəlincə, indi bunu düşünmürəm. Elə bir şey yoxdur. “Turan”la mövsümün sonuna kimi müqaviləm var. Bu müddət bitəndən sonra karyeramı harada davam etdirəcəyimə qərar verəcəyəm”.

Lider “Xəzər Lənkəran”la autsayder “Turan” arasında qüvvələr nisbətini nəzər salsaq, qonaqların işini çətin olacaq. Axı “Xəzər Lənkəran” evdə nadir hallarda uduzur. Elə Vurğun da bütün bunları yaxşı başa düşür: “Əlbəttə, Lənkəranda qələbə qazanmaq çətindir. Ancaq futbolda hər şey mümkündür. Biz “Xəzər Lənkəran”la görüşdə maksimum xal qazanmağa çalışacağıq. Heç-heçə də yaxşı nəticə sayıla bilər. Biz öz gücümüzə inanırıq. Komandamız getdikcə daha yaxşı oynayır. Bunu təkcə baş məşqçi dəyişikliyi ilə bağlamazdım. Sabiq baş məşqçimiz Sakit Alıyevin dövründə də oyunumuzda turdan-tura artım var idi. Yeni baş məşqçimiz Revaz Dzodzuaşvilinin vaxtında inamlı oynayaraq, “Neftçi”dən xal aldıq. Buna Lənkəranda da nail olmaq istəyirik”.

Mehman SÜLEYMANOV