0:0, 1:1, 1:0 və ya 2:0
22.10.2010 - 16:06
0:0, 1:1, 1:0 və ya 2:0
Unibank Premyer Liqasının X turunda paytaxt derbisinin iştirakçıları olacaq “İnter” və “Bakı” Azərbaycan çempionatında 15-ci dəfə görüşəcək. Apasport.az saytının hesablamalarına görə, 2004-cü ilin yayından indiki adlarını daşıyan paytaxt təmsilçilərinin əvvəlki 14 görüşündə maraqlı ənənə müşahidə olunur.

Belə ki, “İnter” – “Bakı” oyununda maksimum 2 qol vurulur. Bakılıların 14 görüşündə bir qayda olaraq 4 hesab qeydə alınıb – 0:0, 1:1, 1:0 və 2:0. “İnter”lə “Bakı”nın oyunlarında ötən mövsüm “altılığ”a qədər qol vuran komanda qalib gəlirdi. Yəni ya komandaların biri qol vurur, ya da heç biri fərqlənmirdi. “Qol vur, qalib gəl” prinsipi “altılıq” oyunlarında qırıldı. Orada ümumiyyətlə, qalib müəyyənləşmədi - 1:1 və 0:0.

Oyunların balansına nəzər salsaq, “Bakı”nın aşkar üstünlüyü nəzərə çarpır. Belə ki, “zolaqlılar” 7, “İnter” 2 qələbə qazanıb, 5 görüş heç-heçə bitib. “İnter” “Bakı” üzərində qələbə qazanmaq üçün 4 il gözləməli olub.

Buna yalnız 8-ci oyununda nail olan “bankirlər” həmin mövsümdə (2007/08) tarixində ilk dəfə çempion oldu. Yeri gəlmişkən, bundan sonra “Bakı”, ardından yenə “İnter” çempionluq qazanıb. Son iki ildə paytaxt klublarından biri qızıl medal qazananda digəri gümüş mükafatçı olur. Həmşəhərlilərini son üç oyunda yenə bilməyən “bankirlər” axırıncı qələbəni düz bir il öncə qazanıb.

“İnter”lə “Bakı” ölkə kubokunda üç dəfə görüşüb və bunda da sonuncuların üstünlüyü var. “Zolaqlılar” 2005-ci ilin finalında məhz “bankirlər”ə qalib gələrək (2:1), tarixində ilk dəfə kubokun sahibi oldu. Turnirin ötən mövsümündə isə “Bakı” “İnter”i yarımfinalda (evdə 0:1, səfərdə 3:1) yenərək, tarixində ikinci dəfə ölkə kubokunu qazandı.

Qeyd edək ki, “İnter” 2004-cü ilin yayına kimi “Xəzər Universiteti”, “Bakı” “Dinamo” adını daşıyırdı.

“İnter” – “Bakı”: çempionatdakı bütün oyunlar

13.12.2004

“İnter”

“Bakı”

0:0

15.05.2005

“Bakı”

“İnter”

2:0

17.12.2005

“Bakı”

“İnter”

1:0

29.05.2006

“İnter”

“Bakı”

0:1

17.09.2006

“Bakı”

“İnter”

2:0

28.04.2007

“İnter”

“Bakı”

0:1

25.08.2007

“Bakı”

“İnter”

0:0

01.03.2008

“İnter”

“Bakı”

1:0

24.08.2008

“Bakı”

“İnter”

0:0

28.02.2009

“İnter”

“Bakı”

0:1

22.10.2009

“İnter”

“Bakı”

1:0

09.12.2009

“Bakı”

“İnter”

2:0

04.04.2010

“İnter”

“Bakı”

1:1

09.05.2010

“Bakı”

“İnter”

0:0


Mehman SÜLEYMANOV