Mövsümün ikinci istefası: Sxadadze, yoxsa Şafer?
23.10.2010 - 10:36
Mövsümün ikinci istefası: Sxadadze, yoxsa Şafer?
Sabah Unibank Premyer Liqasında ikinci baş məşqçi istefası gerçəkləşə bilər. Apasport.az saytının məlumatına görə, bu, “Şəfa” stadionunda baş tutacaq oyundan sonra gözlənilir. Söhbət son mövsümün titul sahibləri “İnter” və “Bakı” arasındakı qarşılaşmadan gedir.

Belə ki, 2009/10 mövsümündə Azərbaycan çempionu adını qazanan “İnter” və ölkə kubokunu başı üzərinə qaldıran “Bakı” – hər iki komanda bu uğurunu ikinci dəfə təkrarlayıb – nüfuzunu, ən əsası baş məşqçisi qorumaq üçün meydana çıxacaq. Digər ölkələrdə titul sahibləri Superkubok uğrunda yarışsa da, Unibank Premyer Liqasının X turuna təsadüf edəcək görüş baş məşqçi uğrunda “döyüş”ü xatırladacaq.

Çünki hər iki paytaxt təmsilçisi özünə yaraşmayan nəticələrdən sonra çalışdırıcısı ilə yollarını ayırıb-ayırmamağı götür-qoy edir. Bu mənada “Şəfa stadionundakı məğlubiyyət həm Kaxaber Sxadadzenin “İnter”də, həm də Vinfred Şaferin “Bakı”da sonuncu oyunu ola bilər.

Buna mövsümün əvvəlki qarşılaşmalarına təsadüf edən saysız-hesabsız uğursuzluqlar səbəb olub. “İnter”in bu dəfə də avrokubokların elə ilk mərhələsində mübarizəni dayandırması azmış kimi, çempion “altılığ”a düşməsi də artıq sual altındadır. İlk “üçlük”də qərarlaşan “Neftçi”, “Xəzər Lənkəran” və AZAL-la 3 matçda cəmi 1 xal qazanılması, sonunculardan 5 “sillə yeyilməsi” (0:5), üstəlik debütant “Gəncə”yə məğlubiyyət Sxadadzenin kreslosunu “laxladıb”. Top fərqi də mənfi olan və 9 oyunun 3 də (çempion üçün buna nə ad vermək çətindir) məğlubiyyət gürcüstanlının başının üstünə qara buludlar gətirib. Onun hərəkətlərinə görə 5 oyunluq cəzalanmaqla komandasını da xərcə saldığını nəzərə alsaq, sabahkı matç onun üçün son şansdır.

“Bakı”da isə vəziyyət daha acınacaqlıdır. Avrokuboklarda zəif “Buduçnost”u da keçə bilməyən (qeyri-peşəkarlığın meydanda və ya kənarda yaşanmasından asılı olmayaraq, tarixdə nəticə qalır) paytaxt futbolçuları artıq “altılıq”dan da kənarda qalıb. Uzun illər müdafiəsi ilə öyünən komanda 9 matçda 12 top buraxıb. Top fərqində bərabərlik olan bakılılar da “İnter” kimi 9 görüşün 1/3-də, yəni 3 dəfə uduzub. Lakin “İnter”dən fərqli, 0:5 hesabı ilə uduzmayan “Bakı” ortabablara da xallar paylayıb. Özündən aşağı pillələrdə qərarlaşan “Muğan” və “Simurq”u da uda bilməyən (2 oyuna cəmi 1 xal) Şaferin yetirmələri debütant “Gəncə”ni də məğlub edə bilməyib.

Ötən mövsümün sonunda Lənkəranda meydan sahiblərini çempionluqdan məhrum edən komandadan əsər-əlamət qalmadığını səfər sindromu da göstərir. Belə ki, “Bakı” 4 səfər matçında qələbəyə həsrət qalıb.