Yığmanın sabiq futbolçusu meydanda infarkt keçirdi
25.10.2010 - 09:07
Yığmanın sabiq futbolçusu meydanda infarkt keçirdi
İspaniya milli komandasının sabiq futbolçusu Migel Qarsia oyun vaxtı infarkt keçirib. Apasport.az saytının məlumatına görə, “Salamanka” klubunda çıxış edən 31 yaşlı yarımmüdafiəçi ikinci divizionun “Betis”lə qarşılaşması zamanı gözlənilmədən yerə sərilib. Matçın 61-ci dəqiqəsində yaşanan bu hadisə hər iki komandanın həkimlərini əl-ələ verib çalışmağa vadar edib. Migelin həyatını xilas etməyə çalışan tibb personalı infarkt keçirən futbolçuya 4 dəqiqə kömək edib. Bu zaman onları əhatəyə alan oyunçuların əksəriyyəti göz yaşlarını saxlaya bilməyib.

Onları yalnız “Salamanka”nın həkimi Mixel Anxel Qarrido sakitləşdirə bilib. Qarsianı isə xərəkdə təcili yardım maşınına aparıblar. Xəstəxanaya çatdırılan yarımmüdafiəçinin durumu sabitləşib və artıq həyatı təhlükədə deyil.

Qeyd edək ki, 18 və 20 yaşadək futbolçulardan ibarət İspaniya yığmalarında oynamış Migel “Albasete”, “Kadis”, “Las-Palmas” kimi klubların şərəfini qoruyub.