“Bu, “Gəncə”nin adına yaraşmayan acı nəticədir”
25.10.2010 - 10:42
“Bu, “Gəncə”nin adına yaraşmayan acı nəticədir”
“Neftçi” ilə oyunumuzda belə hesab gözləmirdim. 2:6 hesabı pis, “Gəncə”nin adına yaraşmayan nəticədir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun kapitanı Azər Məmmədov deyib.

Unibank Premyer Liqasının son turunda “Neftçi”nin qonağı olan gəncəlilər acı məğlubiyyətlə üzləşdi. Doğma meydanda “İnter”, “Xəzər Lənkəran” kimi iddialı klubları məğlub edən əyalət təmsilçisinin paytaxtda da özünü yaxşı tərəfdən göstərəcəyi güman edilsə də, belə olmadı. “Ağ-qaralar”la oyunda qapısından 6 top buraxan Fuad İsmayılovun yetirmələri bunlardan cəmi ikisinin cavabını verə bilib. Azər nəticəni oyuna görə saymır: “Birinci hissədə 10 nəfərlə oynadıq. Futbolçumuz Mətləb Məmmədov qırmızı vərəqəyə görə meydandan çıxarıldı. Bəzi futbolçularımız zədə aldılar, bir neçəsi isə meydana zədəli çıxmışdı. Oyun baxımından hesab belə olmamalı idi. “Neftçi”nin hardasa 5-10 faiz üstünlüyü var idi”.

“Gəncə” xüsusilə “Xəzər Lənkəran” üzərindəki böyük hesablı qələbədən (4:1) sonra mətbuatın gündəmini zəbt etdi. Ancaq təcrübəli müdafiəçi yazılanların futbolçularda hansısa arxayınçılığın yaratdığını düşünmür: “Nə “Xəzər Lənkəran”, nə də “İnter” üzərindəki qələbəmiz təsadüfi idi. Hər iki rəqib üzərində layiqli qələbə qazanmışdıq. Bu oyunlardan sonra hansısa futbolçumuzda özündənrazılığın yaranmasına inanmıram”.

Təbii ki, böyük hesablı məğlubiyyətlərdən sonra adətən komandalarda bir müddət uğursuz seriya başlayır. Lakin Məmmədov “Gəncə”də belə olmayacağına inanır: “Futbolda məğlubiyyət də olur, qələbə də. Daha belə hesabla uduzmaq olmaz. Mənə acı gəlir. Hələ də özümə gəlməmişəm. “Gəncə”nin adına yaraşdırmıram. “Gəncə” həmişə “Neftçi” ilə başabaş oynayıb. Əlbəttə, “Qəbələ” ilə oyunda bunu unutdurmağa çalışacağıq. Mən həm də zədəli olduğuma görə, məşqlərə qatılmamışam. Ancaq futbolçular bunun öhdəsindən gələcəklər”.