20-ci darmadağının astanasında
25.10.2010 - 15:03
20-ci darmadağının astanasında
“Gəncə”nin Unibank Premyer Liqasının son turunda “Neftçi”yə Bakıda 2:6 hesablı məğlubiyyəti tarixində ən pis nəticə deyil. Apasport.az saytının hesablamalarına görə, qərb təmsilçisinin flaqmanla bundan əvvəl evdəki görüşündə məğlubiyyəti elə bundan böyük hesablı idi – 0:5.

Göründüyü kimi, bu dəfə top fərqi bir qədər az (4 top) olub. Gəncəlilər tarixində ən ağır zərbəni Bakıda alsa da, bu, “Xəzər Universiteti”dən olub. 2004-cü ilin yayından “İnter” adı altında çıxış edən “tələbələr” Zabrat qəsəbə stadionunda ev oyununda rəqibin qapısına 8 cavabsız top keçirə biliblər. Yeri gəlmişkən, bu, “Kəpəz”in tarixində ən zəif mövsümdür – 11-ci yer. Komandanın həmin mövsümə qədər məğlubiyyətləri bir qayda olaraq 0:3 hesabı ilə olurdu.

“Gəncə” və sələfi olan “Kəpəz”in milli çempionatlarımız tarixində ümumilikdə 19 böyük məğlubiyyəti olub. Bunlar arasında daha çox müşahidə olunan məhz 0:3-dür – 12 dəfə. Gəncəlilərin digər böyük hesablı məğlubiyyətlərindən ikisi 0:5, hərəyə bir dəfə 0:4, 1:4, 1:7, 0:8 və 2:6 olub.

Qeyd edək ki, “Kəpəz”in ən böyük hesablı qələbəsi milli çempionatlarımız tarixində ən böyük hesablı qələbədir. Bu, 1996/97 mövsümündə evdə “Şəmkir”lə görüşdə olub – 14:2. 16 qol vurulduğu həmin oyun çempionatlarımızda ən məhsuldar görüşdür.

“Kəpəz”in (sonradan “Gəncə”nin) Azərbaycan milli çempionatında böyük hesablı məğlubiyyətləri

1995/96 mövsümü
“Qarabağ” – “Kəpəz” – 3:0

1996/97 mövsümü
“Şəmkir” – “Kəpəz” – 3:0

1998/99 mövsümü
“Viləş” – “Kəpəz” – 3:0

“Altılıq” mərhələsi
“Neftçi” – “Kəpəz” – 3:0

2000/01 mövsümü
“Xəzər Universiteti” – “Kəpəz” – 3:0
“Kəpəz” – “Şəmkir” – 0:3
“Turan” – “Kəpəz” – 3:0

2003/04 mövsümü
“Kəpəz” – “Şəmkir” – 0:3 (texniki məğlubiyyət)
“Neftçi” – “Kəpəz” – 3:0
“Kəpəz” – “Dinamo” – 1:4
“Xəzər Universiteti” – “Kəpəz” - 8:0
“Qarabağ” – “Kəpəz” – 4:0

2004/05 mövsümü
“Kəpəz” – “Turan” – 0:3
“Kəpəz” – “Karvan” – 0:3

2005/06 mövsümü
“İnter” – “Gəncə” – 5:0
“Gəncə” – “Neftçi” – 0:5
“Karvan” – “Gəncə” – 7:1

2010/11 mövsümü
“Qarabağ” – “Gəncə” – 3:0
“Neftçi” – “Gəncə” – 6:2

Mehman SÜLEYMANOV